Azərbaycan, Bakı, 10 aprel /Trend/
"Emerson Process Management" şirkətinin Avropa üzrə Prezidenti Bakı Ali Neft Məktəbində (BANM) çıxış edib.
BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Emerson Process Management" şirkətinin Avropa üzrə Prezidenti cənab Royland Van ali təhsil müəssisəsində olub. Qonaq məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonağı salamlayıb və onu Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. 2014-cü ilin iyulun 8-də BANM və "Emerson Process Management" şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladan rektor E.Qasımov sözügedən şirkətin Avropa üzrə Prezidenti cənab R.V. Dorenin Ali Məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini deyib.
Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan BANM-də olmasından razılıq ifadə edən R.V.Doren dəvətə görə məktəbin rəhbərliyinə təşəkkürünü bildirib. O, tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb. R.V.Doren BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən məktəbin tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə ali təhsil müəssisəsində xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdən sonra R.V.Doren BANM-nin tələbələri üçün "Liderlik - Təşkilati uğurlara aparan yol", "Effektiv liderliyin əsasları", "Çoxsahəli liderlik" mövzularında mühazirə ilə çıxış edib.
Sonra qonaq tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Sonda "Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti R.V.Doren BANM-in "Fəxri qonaq diplomu" ilə təltif olunub.