...

Gəncədəki küçələrdən biri Milli Qəhrəman Anatoli Davidoviçin adını daşıyacaq (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2015 20:25 (UTC +04:00)

Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Nikolayeviç Davidoviçin xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmayacaq. Onun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillərə örnək kimi nümunə göstəriləcək.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş beloruslu Anatoli Davidoviçin anadan olmasının 50 illiyi ilə əlaqədar xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncədə küçələrdən birinə onun adı verilib. Bu münasibətlə aprelin 10-da şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani qəhrəmanın ömür yolu haqqında məlumat verərək deyib ki, 1965-ci ildə Belorusun Minsk vilayətinin Slutsk şəhərində dünyaya göz açan Anatoli heç vaxt ağlına belə gətirməzdi ki, nə vaxtsa Azərbaycanın Milli Qəhrəmanı olacaq. 1989-cu ildə sovet ordusunun Gəncədəki alayında xidmət edərkən erməni silahlı qüvvələrinin Azərbaycanda törətdikləri faciələrə biganə qala bilməyən Anatoli 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə keçir və döyüşlərdə iştirak edir. Lakin Ağdam istiqamətində düşmənə qarşı hücum zamanı Anatoli Davidoviç ağır yaralanaraq, iyunun 13-də vəfat edir. Onun cənazəsi doğulub boya-başa çatdığı Belorusa aparılır və Slutsk qəbristanlığında dəfn edilir. Ölkə başçısının Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və sücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilir.

Milli Qəhrəmanın ailəsi və mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Baş meydandakı möhtəşəm monitorda ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirildi. Monitorda Milli Qəhrəman A.N.Davidoviç haqqında nümayiş etdirilən videoçarx onun göstərdiyi sücaəti bir daha yada saldı.

Milli Qəhrəmanın adını daşıyacaq küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürüldükdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizdə Milli Qəhrəmanlara, o cümlədən ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanı sevən, ona xidmət göstərən hər kəsə qayğı göstərilir. Torpaqlarımızın azad olunması uğrunda fədakarlıq göstərən və şəhid olan Anatolinin adı hər bir gəncəli üçün əzizdir. Anatoli Davidoviç əslən beloruslu olsa da, Azərbaycan xalqı onu öz ovladı kimi qəbul edir və bu gün onun adına küçənin verilməsi də məhz bu məqsədi daşıyır. İcra başçısı onu da qeyd etdi ki, Gəncədə 436 küçə Vətənin şəhid övladlarının adını daşıyır.

1941-1945-ci il Böyük Vətən müharibəsi iştirakçısı, Belorusun azad edilməsində fədakarlıq göstərən 95 yaşlı Tofiq Hüseynov, "Novosti Qyandja" qəzetinin baş redaktoru İrina Kalaşnikova, Anatolinin vaxtilə Gəncədə xidmət etdiyi hərbi hissənin komandiri, mayor Vüqar Məmmədov və qəhrəmanın adı verilən küçənin sakini Nizami Zeynalov çıxış edərək Milli Qəhrəmanın göstərdiyi sücaəti beynəlmiləlçiliyə və Azərbaycan xalqına məhəbbətin bir nümunəsi olduğunu qeyd ediblər.

Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Mixaylovna Davidoviç çıxışında Anatolinin xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib: "Biz Davidoviçlər ailəsi olaraq Anatoliyə göstərilən böyük sevgi və ehtirama görə şəhər rəhbərliyinə, gəncəlilərə dərin minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, mayor A.Davidoviçin adına verilmiş küçədə xatirə lövhəsinin açılışında Davidoviç ailəsi - qardaşı Aleksandr, qardaşı oğlu Anatoli də iştirak edib.

Sürətlə inkişaf edən və gözəlləşən Gəncənin abad küçələrindən birini Azərbaycanı sevən, onun haqq işi uğrunda mübarizəyə qalxan beloruslu Davidoviçin barelyefi bəzəyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti