...

Azərbaycan və Türkiyə rəsmiləri sosial müdafiə məsələlərini müzakirə edəcək

Cəmiyyət Materials 14 Aprel 2015 11:56 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək.
Azərbaycan və Türkiyə rəsmiləri sosial müdafiə məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Aprelin 16-19-da Ankara şəhərində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək. İclasda Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın ƏƏSMN ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçiriləcək iclas iki qurumun fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar fikir mübadiləsinin aparılması, əmək miqrasiyası üzrə problemlərin və onların həlli yollarının müzakirəsinə həsr olunub.

İclasda əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, məşğulluq və peşə hazırlığı, əlilliyin reabilitasiyası sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə dayanan əməkdaşlıq əlaqələri iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair saziş imzalanıb. Azərbaycan və Türkiyə arasında qeyd olunan sahələrdə əməkdaşlığın inkişafına xidmət edən sənədin icrası istiqamətində məqsədyönlü işlər aparılmaqla, müvafiq fəaliyyət sahələrində fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti