Bəxtiyar Hacıyev - Trend:
Bakı təzadlar şəhəridir. Bəlkə də əksəriyyətin fərqinə varmadığı təzadlardan biri də bir çox yerlərdə irili-xırdalı zibil qutularının qoyulmasına rəğmən, küçələrin tullantılara qərq olmasıdır.
Bəli, bəli! Küləkli şəhərimizdə uçuşan sellofan torbalar, kağız parçaları bir yana, yerləri "bəzəyən" boş siqaret qutuları, sümürülmüş siqaretin kötükləri (sadə, el dilində "bıçok"), konfet və şokolad kağızları və ən əsası, broşürlər. Müxtəlif şirkətlərin nümayəndələri tərəfindən əhaliyə havayı paylanılan bu broşürlər əksər hallarda alınandan 2 saniyə sonra yerə atılır (yəqin mənzilləri də kağız parçalarına bürünüb). Ümumiyyətlə, yerdə sürünən broşürlərin sayəsində şəhərimizdə neçə şirkətin hər hansı müddətdə neçə dəfə endirim və digər əndrəbadi kampaniya apardığını dəqiq hesablamaq olar.
Yerləşdirildiyi məkana görə bəzən zibil qablarının daim aşıb-daşması, bəzən də tamamilə boş olması isə ayrı mövzudur.
Bir neçə il əqdəm (dəqiq tarixini bilənlər bilir) futbolumuzun hazırkı fəxri olan "Qarabağ" klubunun Almaniyanın "Borussiya" komandası ilə Bakıda qarşılaşmasından 2-3 saat əvvəl bulvarda tanışlarla hava alırdım. Alman azarkeşlər də dənizin "nöyütdü" havasını ciyərlərinə çəkmək üçün bulvarda qruplara bölünüb gəzişirdilər. Üz cizgilərindən 20 yaşlarında olduğu təxmin edilsə də, başları, bədənləri, boyları ilə - xülasə bizdən 2-3 dəfə iri idilər. Qarşımızda gedən 5-6 alman balasından biri siqaret sümürürdü. Kötüyə çataçatda sağa baxıb "bıçok"u 5-6 metr məsafədən zibil qutusuna vızıldatdı və dərhal da dostlarının söhbətinə qoşuldu. Amma alman bacarıqsız çıxdı - andıraqalmış "bıçok" zibil qabının kənarına dəyib yerə düşdü. Dostlarımdan biri etiraz etdi: "Bəs deyirdilər ki, almanlar elədir, belədir? Görünür elə". Dedim: "Narahat olma, əgər o həqiqətən də almandırsa, arxaya baxacaq və "bıçok"un yerə düşdüyünü görüb, gəlib onu zibil qabına atacaq". Bu sözlərimdən 2 saniyə keçməmiş yekəpər alman (sanki sözlərimi eşitmiş və anlamışdı) arxaya baxdı, "bıçok"u yerdə görüb geri qayıtdı, tənbəllik etmədən və utanmadan (!) əyildi, "bıçok"u yerdən götürüb zibil qabına atdı və Bakıdan qalib ayrılacaq komandasının digər azarkeşlərinin yanına qayıdıb söhbətinə davam etdi.
Məqsədim almanları tərifləmək deyil, əlbəttə! Amma gəlin, heç olmasa bu alman balası kimi zibili - hətta "bıçok" olsa da - zibil qabına ataq, əgər yerə düşsə və ya yerdə zibil görsək, utanmadan (!) əyilib onu yerdən götürək və ən yaxınlıqdakı zibil qutusuna ataq. Məncə, çətin və əziyyətli bir iş deyil.
Sizi deyə bilmərəm, amma mən Bakıya təşrif buyuracaq əcnəbilərin paytaxtımızın zibilli şəhər olduğunu düşünməsini istəmirəm. Əgər Bakını sevmirsinizsə, heç olmasa həsəd apardığınız yevropalıların xətrinə şəhərimizi təmiz saxlayın. Axı təmizlik də imandandır...