Azərbaycan, Bakı, 22 aprel /Trend/
Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində 22-24 aprel 2015-ci il tarixində Krallığın Namür şəhərində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Konfransın əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılmasıdır.
Məlumat üçün bildirək ki, Belçika Krallığının Valoniya regionunun təşəbbüsü ilə keçirilən konfransda Avropa Şurasına üzv ölkələrin nazirlərinin iştirakı nəzərdə tutulub. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə deklarasiyanın qəbul edilməsi nəzərdə tutulur.