...

Dünya mütəxəssisləri ürək problemini Bakıda müzakirə edir (FOTO)

Cəmiyyət Materials 16 May 2015 12:01 (UTC +04:00)
Mayın 16-da “Fairmont Baku” otelində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə dördüncü “Bakı ürək günləri” beynəlxalq konqresinin rəsmi açılışı olub.
Dünya mütəxəssisləri ürək problemini Bakıda müzakirə edir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 16-da "Fairmont Baku" otelində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə dördüncü "Bakı ürək günləri" beynəlxalq konqresinin rəsmi açılışı olub.

Trend-in məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Açılış mərasimində çıxış edən AÜDCC-nin sədri Kamran Musayev bildirib ki, konqresdə 450-dən artıq yerli və əcnəbi mütəxəssis iştirak edir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. O deyib ki, bu tədbirdə, həmçinin kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə də toxunulacaq.

Tədbirdə ölkəmizdə kardiologiya sahəsində əldə edilmiş nailiyyətlərdən də danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda ilk dəfə açıq ürək əməliyyatı 1971-ci ildə həyata keçirilib. Azərbaycan o dövrdə Rusiyadan sonra bu əməliyyatı reallaşdıran ikinci ölkə olub. Dördüncü "Bakı ürək günləri" beynəlxalq konqresinin ölkəmizdə keçirilməsinin ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğu vurğulanıb.

Çıxış edənlər dünyanın tanınmış kardioloqlarının Bakıda toplaşmasını yüksək dəyərləndirərək, bunun Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildirib və konqresin işinə uğurlar arzulayıblar.

Dünyada ürək-damar xəstəliklərinin artdığı və cavanlaşdığı indiki dövrdə belə bir tədbirin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Sonra paralel sessiyalarda yerli və xarici mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Xatırladaq ki, konqresin ilk günündə - mayın 15-də gənc kardioloqlar üçün "Maketlər üzərində femoro-popliteal bypass (bud-dizaltı şuntlama)" və "Heyvan ürəkləri üzərində koronar anastomoz" kursları keçirilib.

Konqres işini mayın 17-dək davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti