...

Allahşükür Paşazadə: Azərbaycanda bəzi məscidlərdə özbaşınalıq hökm sürür

Cəmiyyət Materials 4 İyun 2015 12:53 (UTC +04:00)
Azərbaycanda bəzi məscidlərdəki imamlar dövləti və qanunları tanımırlar.
Allahşükür Paşazadə: Azərbaycanda bəzi məscidlərdə özbaşınalıq hökm sürür

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət /

Azərbaycanda bəzi məscidlərdəki imamlar dövləti və qanunları tanımırlar.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

QMİ sədri deyib ki, bəzi məscidlərdə moizə vaxtı minbərə çıxan imam yerini başqasına verir: "Bəzən onların arasında xarici ölkə vətəndaşları olur. Azərbaycanda bəzən xarici ölkələrdən gələn şəxslər dini təbliğat aparırlar. Azərbaycanda dini təbliğatı yalnız Azərbaycan vətəndaşları apara bilərlər".

A.Paşazadə bəyan edib ki, Azərbaycanda bəzi məscidlərdə özbaşınalıq hökm sürür. Onlar Azərbaycan dövlətini və qanunlarını tanımırlar: "Xüsusən Zaqatalada, Şamaxıda, Qobustan rayonlarında və Bakının Xəzər rayonundakı QMİ-yə tabe olmayan bəzi məscidlərdə icma yoxdur, özləri imam təyin ediblər. Onlar QMİ-ni saymırlar. Amma bu haqda məlumatlar bizə çatır. Əgər məscidlərdə icmalar yoxdursa və onlar Azərbaycan qanunlarına tabe olmurlarsa, onlarla bağlı ciddi qərar qəbul olunacaq. Bununla əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müraciət olunacaq. Heç kimə güzəşt olmayacaq. Əgər onlar Ramazan ayında da bu fəaliyyətlərini davam etdirsələr, biz məcburuq ki, ora bizi və Azərbaycan dövlətini tanıyan adamları qoyaq. O məscidlərdəki rəhbərlər ya bizi, Azərbaycan dövlətini tanıyacaq, ya da ora başqa adamlar təyin olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti