...

Tərtər və Bərdə rayonlarının Tibbi-Sosial Ekspert Komissiyası müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib (FOTO)

Cəmiyyət Materials 16 İyun 2015 11:07 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər və Bərdə rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyası müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib.
Tərtər və Bərdə rayonlarının Tibbi-Sosial Ekspert Komissiyası müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər və Bərdə rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyası müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib.

ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyalarının maddi-texniki bazasının və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) üçün də yeni avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub.

Yaradılımış şəraitlə tanış olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümumən ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb: "İlk növbədə bu sistemin tam elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir. Eyni zamanda bütün əlillik müayinələrinin nəticələri sistemdəki elektron bazaya daxil edilir ki, aidiyyəti qurumların müvafiq məlumatları həmin bazadan elektron qaydada əldə etməsinə şərait yaranır. Bu proses əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimallaşmasına, şəffaflığın təminatına imkan verib".

Nazir digər tərəfdən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi yönündə islahat işlərinin davam etdirildiyini qeyd edib. O bildirib ki, bu sahədə qabaqcıl dünya təcrübəsi diqqətlə öyrənilib, beynəlxalq ekspertlərlə müzakirələr aparılıb və əsas prinsip kimi qeyd olunan meyarların tibbi yanaşma ilə bərabər, sosial yanaşma modeli üzərində də müəyyən edilməsi nəzərdə tutulub. Belə yanaşma əlilliyin müəyyən edilməsi zamanı şəxsin potensial sosial reabilitasiya, o cümlədən əmək fəaliyyəti potensialının müəyyən olunmasına yönəlib ki, bu da həmin şəxsin cəmiyyətdə, eləcə də əmək bazarında aktiv iştirakdan kənarda qalmasının qarşısını alır: "Bu işlərlə bərabər biz ötən ilin ortalarından TSEK-lərin maddi-texniki bazasının və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması işlərinə başlamışıq və qısa vaxtda ƏƏSMN-nin 38 TSEK-indən artıq 21-i müasir iş şəraiti və avadanlıqlarla təmin edilib".

S.Müslümov əlavə edib ki, yaxın vaxtlarda bu işlər tam başa çatdırılacaq, digər Komissiyalarda da müasir iş şəraiti yaradılacaq, onlar tibbi-sosial ekspertiza üçün müasir müayinə cihazları ilə təmin olunacaqlar. Tədbir zamanı TSEK üçün yaradılmış yeni iş şəraiti, müayinə avadanlıqları, göstərilən tibbi-sosial ekspertiza xidməti, müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesi nəzərdən keçirilib. S.Müslümov Komissiyanın kollektivinə əhaliyə xidmətin daim yüksək səviyyədə, şəffaflıq şəraitində həyata keçirilməsi, vətəndaşların müraciətinə diqqət və qayğı ilə yanaşılması, əlillik müayinəsi zamanı vətəndaşların reabilitasiya imkanlarına diqqətin artırılması, onların reabilitasiyasında bərpa-müalicə müəssisələri ilə qarşılıqlı və səmərəli fəaliyyətin qurulması və s. barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti