...

Bölgələrdə iftar süfrələri (FOTO)

Cəmiyyət Materials 9 İyul 2015 20:15 (UTC +04:00)
Tədbirdə yaxın ərazilərdəki dini icmaların sədrləri və üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər.
Bölgələrdə iftar süfrələri (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti iftar süfrəsi iyulun 7-də Masallı rayonunun Çaxırlı kəndində açılıb. Tədbirdə yaxın ərazilərdəki dini icmaların sədrləri və üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Mirqiyas Təhməzov dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Dövlət Komitəsinin fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, bu cür tədbirlər bütün bölgələrdə təşkil edilir.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə bölgədəki dini durumdan danışıb və tədbiri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndirib.

****

İyulun 7-də Quba şəhəri Cümə məscidində iftar süfrəsi açılıb.Tədbirdə Dövlət Komitəsinin nümayəndələri Anar Əliyev və Rüstəm Ramazanov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Quba RİH-nin əməkdaşı Seyid Cabbarov, eləcə də icma üzvləri, axund və imamlar iştirak ediblər.

Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev çıxış edərək, ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən və ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.

Sonda tədbir iştirakçıları dualar edib, iftar süfrəsi arxasında müqəddəs Ramazan ayının fəzilətindən söhbət açıblar.

****

Samux rayonunda da iftar süfrəsi təşkil edilib. "Əbülfəz Abbas" Cümə məscidində təxminən 50 nəfərin iştirak etdiyi iftar süfrəsində Samux şəhər müsəlmanları dini icmasının üzvləri ilə yanaşı, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, şəhid atası Eynulla Namazov, Qarabağ qaziləri və rayon dindarları iştirak ediblər.

Rayonun axundu və dini icmasının sədri İlham Məmmədov çıxış edərək, milli-mənəvi dəyərlərin təbliği və dini maariflənmə işinin aparılması məqsədilə ölkə Prezidentinin sərəncam imzalamasını yüksək qiymətləndirib. O, din sahəsinə, o cümlədən dini icmalara və dindarlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Eyni zamanda İlham Məmmədov son dövrlər Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu və bu sahədə hər zaman Dövlət Komitəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

Sonra rayon ağsaqqalı Həmzə Həmzəyev çıxış edərək müasir gəncliyin dini cəhətdən maariflənməyə böyük ehtiyac duyduğunu və bu sahədə Dövlət Komitəsi rəhbərliyinin apardığı siyasəti alqışladığını bildirib.

Daha sonra Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iftar süfrəsi ətrafında dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti