Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/
Bakının Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsinin təmirinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.
Küçənin uzunluğu 600 metr, eni isə 16 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 9500 kvadrat metr ərazisinə yeni asflat-beton örtüyü döşəniləcək.
A.Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılacaq. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, "Azəryolservis" ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.