...

Bölgələrdə təşkil edilən iftar süfrələri zamanı maarifləndirmə işi aparılır

Cəmiyyət Materials 16 İyul 2015 17:00 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib.
Bölgələrdə təşkil edilən iftar süfrələri zamanı maarifləndirmə işi aparılır

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib.

DQİDK-dan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.

Növbəti iftar süfrəsi Zaqatala rayonu Yuxarı Tala kənd məscidi və Qax rayon Mərkəzi Cümə məscidi dini icması tərəfindən təşkil edilib.

İftar süfrəsində Dövlət Komitəsinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, rayon icra hakimiyyətlərinin təmsilçiləri, din xadimləri, rayon ziyalıları, ağsaqqallar və gənclər iştirak ediblər.

İftar süfrələri zamanı ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Dövlət Komitəsinə ayrılmış maliyyə vəsaiti hesabına aparılan maarifçilik işləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə iftar süfrələri respublikanın bütün bölgələrində təşkil edilir və əsas məqsəd iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparmaqdır.

Hər iki tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin təbliği və dini maarifçilik işinin aparılması baxımından dini icmalar tərəfindən təşkil edilən iftar süfrələrinin əhəmiyyətini vurğulayıb: "Həm milli-mənəvi dəyərlərimizin qorunmasında, həm də dini radikalizmlə mübarizədə dini icmaların üzərinə böyük vəzifə düşür. Dövlət Komitəsi bu vəzifəni yerinə yetirmələri üçün dini icmalara hərtərəfli dəstək verir. Dini icmaların iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparması üçün onlara maliyyə yardımı göstərilməsi bunun bariz nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti