...

Leyla Yunus və Arif Yunusun cinayət işi üzrə məhkəmə davam etdirilib

Cəmiyyət Materials 27 İyul 2015 14:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Leyla Yunus və Arif Yunusun cinayət işi üzrə məhkəmə davam etdirilib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə L.Yunusun işi üzrə zərərçəkmiş Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması barədə vəsatət verilib. L.Yunus vəsatətə münasibət bildirən dövlət ittihamçısının çıxışına maneçilik törədib.

Hakim L.Yunusun hərəkətlərini məhkəməyə hörmətsizlik kimi dəyərləndirib.

A.Yunusun vəkili Əfqan Məmmədov isə müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlə çıxış edib. Hər iki vəsatət təmin olunmayıb.

Bundan sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamla razılaşmayan L.Yunus dövlət ittihamçısının suallarını cavablandırmayıb. A.Yunus isə ifadə verməkdən imtina edib.

Daha sonra şahidlərin ifadəsi dinlənilib və sonra prosesdə fasilə elan olunub.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti