...

Şahid: "Arif Yunus ermənilərlə əməkdaşlığını gizlətmirdi" (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Avqust 2015 13:40 (UTC +04:00)
Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Şahid: "Arif Yunus ermənilərlə əməkdaşlığını gizlətmirdi" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, şahid qismində ilk olaraq jurnalist Anna Daqidaşvili ifadə verib.

O, ifadəsində qeyd edib ki, Tbilisidə konfransda olarkən Ermənistandan olan Laura adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: "Dedi ki, Leyla Yunusun əlaqə nömrələrini mənə verə bilər. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 100-120 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı".

Daha sonra 19 il jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, bir jurnalist olaraq, A.Yunus və L.Yunusu tanıdığını bildirib.

Ə.Həsənov qeyd edib ki, 2006-cı ildə A.Yunus ona Ermənistana getməyi təklif edib: "Mən Qarabağdan yazdığım üçün Ermənistandakı vəziyyət məni maraqlandırırdı. Ona görə də Arif Yunusun təklifini qəbul etdim və onlarla birgə Ermənistana getdim. Ermənistanda olarkən Arif Yunusun Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx münasibətlərinin olmasının şahidi oldum".

Ə.Həsənov əlavə edib ki, 2007-ci ildə A.Yunus ona yenidən Ermənistana getməyi təklif edib. O, bu təklifi qəbul edərək yenidən Ermənistana gedib. Ə.Həsənov bildirib ki, səfər zamanı A.Yunus onlara nağd şəkildə pul verib. Şahid deyib ki, onların Ermənistana səfərlərində məqsəd yalnız o ölkədəki vəziyyətlə tanış olmaq idi, amma A.Yunusun Ermənistana getməkdə hansı məqsədinin olması barədə məlumatsız olduğunu bildirib.

Jurnalist onu da qeyd edib ki, A.Yunus Ermənistanda olarkən ermənilərlə əməkdaşlığını gizlətmirdi.

Daha sonra Rauf Mirqədirov ifadə verərək L.Yunusu Xalq Cəbhəsi yarandığı dövrdən tanıdığını bildirib. O deyib ki, L.Yunus 1993-cü ildə insan haqları sahəsində fəaliyyətə başladıqdan sonra onunla əməkdaşlıq edib, L.Yunusun təşkilatı tərəfindən həyata keçirilən layihələrdə iştirak edərək bir necə dəfə qrant alıb.

R.Mirqədirov A.Yunusla isə konfranslarda birgə iştirak etdiyini bildirib: "Ermənistanda konfransda iştirak etməyi mənə Arif Yunus təklif etdi. Mən də getməyə razılıq verdim".

Sonra "Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov şahid qismində ifadə verərək ilkin istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

Daha sonra ifadə verən "AccessBank"ın əməkdaşı Anar Həsənov da ilkin istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib. O, qeyd edib ki, A.Yunus banka qoyduğu depoziti vaxtından əvvəl geri götürüb və digər şəxsin adına transfer edib.

İfadə verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da ilkin istintaqa verdiyi ifadəni təsdiq edib.

2005-2007-ci illərdə "Bank Standart"ın İdarə Heyətinin sədri olmuş Səlim Kriman Rusiyada olduğundan məhkəmədə iştirak edə bilməyib. Lakin o, istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməsi barədə məhkəməyə müraciət göndərib.

S.Kriman ilkin ifadəsində bildirib ki, onun banka rəhbərlik etdiyi dövrdə A.Yunusun adına olan bank hesabına müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan bir neçə dəfə pul vəsaitləri köçürülüb.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da Çexiyada olduğundan məhkəmədə iştirak edə bilməyib. Lakin o, istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməsi barədə məhkəməyə müraciət göndərib.

Məhkəmə prosesi sabah davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti