...

Deputat: Leyla və Arif Yunus Azərbaycana nifrət edirdi

Cəmiyyət Materials 14 Avqust 2015 18:39 (UTC +04:00)
Leyla və Arif Yunus Azərbaycan xalqına nifrət edirdi. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat: Leyla və Arif Yunus Azərbaycana nifrət edirdi

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elmir Murad/

Leyla və Arif Yunus Azərbaycan xalqına nifrət edirdi. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, hər iki şəxs Azərbaycan dövlətinin, xalqının iradəsini nəzərə almayaraq fəaliyyətlərini qururdular və Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirdilər.

Leyla və Arif Yunusun xaricdəki erməni lobbisinə arxalandıqlarını deyən millət vəkili qeyd edib ki, onlar antiazərbaycan qüvvələrin təsiri altında idi: "Ermənilərin maliyyəsi, ayrılmış qrantlarla onlar işğalçı Ermənistana işləyirdilər. Bu şəxslər işğal altındakı torpaqlarımızı Azərbaycandan ayırmaq və əbədi olaraq Ermənistana birləşdirilməsi yönündə aparılan siyasəti dəstəkləyirdilər. Onlar həm də Azərbaycan xalqının torpaqlarımızın azad olunması uğrunda mübarizəsinin qarşısını almaq, onu yaddan çıxarmaq üçün ən müxtəlif layihələr həyata keçirmək, xalq diplomatiyası pərdəsi arxasında əslində, Ermənistanın işğalçılıq siyasətinə xidmət edirdilər. Leyla və Arif Yunus həmçinin qeyri-qanuni olaraq sahibkarlıqla məşğul olurdular. Əslində, bu onlar üçün bir biznes idi. Onlar külli miqdarda vəsaitlə özlərinə yüksək həyat şəraiti qurmuşdular. Vergilərdən yayınırdılar".

Leyla Yunus və onun həyat yoldaşının Milli Azadlıq Hərəkatı başlayan gündən Azərbaycan xalqına, onun iradəsinə qarşı siyasət apardıqlarını deyən F.Ağamalı qeyd edib ki, onlar hər zaman Azərbaycan xalqına yuxarıdan aşağı baxıblar: "Hər iki şəxs Azərbaycan dövlətinin inkişafını, onun yüksəlişini qəbul etmirdilər. Onlar daima Azərbaycanı gözdən salmaq siyasəti aparıblar. Bütün bunlara görə, mən bir neçə il bundan əvvəl Leyla və Arif Yunusun məsuliyyətə cəlb olunması barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Milli Məclisdə və KİV-də onların hərəkətlərini ifşa edən məsələlər qaldırmışam. Onların həbsi geciksə də, məhkəmənin hökmünü tamamilə haqlı və ədalətli hesab edirəm".

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti