...

İşə qəbul zamanı sınaq müddəti necə tənzimlənməlidir?

Cəmiyyət Materials 19 Avqust 2015 14:20 (UTC +04:00)
İşə qəbul zamanı sınaq müddəti nədir? Belə hal qanunvericilikdə nəzərdə tutulubmu?
İşə qəbul zamanı sınaq müddəti necə tənzimlənməlidir?

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İşə qəbul zamanı sınaq müddəti nədir? Belə hal qanunvericilikdə nəzərdə tutulubmu?

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqşünası vəkil Dünyamin Novruzov mətbuata açıqlamasında bildirib ki, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanılması məqsədilə tətbiq edilir.

Vəkil bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51, 52 və 53-cü maddələri sınaq müddətinin tətbiqi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin maddələrin analizi sınaq müddətinin tətbiqi ilə bağlı aşağıdakı əsas şərtləri müəyyənləşdirməyə imkan verir:

- Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxanılması məqsədilə tətbiq edilir. Əgər əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, onda həmin əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir.

- Sınaq müddəti 3 aydan artıq ola bilməz. Nəzərə almaq lazımdır ki, sınaq müddətinə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir. Eyni zamanda, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər (məsələn, seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda və s.) sınaq müddətinə daxil edilmir.

- Dövlət qulluqçuları üçün sınaq müddətinin müəyyən olunması qaydası fərqlidir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən hallar təsbit olunub. Həmin maddəyə əsasən, yaşı 18-dən az olan şəxslər, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərlə əmək müqaviləsi bağlandıqda, eləcə də, tərəflərin razılaşdırdıqları digər hallarda sınaq müddəti tətbiq edilmir.

- Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış hesab edilir. Qüvvədə olan qanunvericilik işçinin sınaqdan çıxması ilə bağlı işəgötürən tərəfindən ayrıca əmrin verilməsini nəzərdə tutmur. Yəni bu halda, işçi əmək fəaliyyətinə başladığı ilk gündən işə qəbul edilmiş sayılır. Nəzərə almaq lazımdır ki, işçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

- Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə ilə xitam verilə bilər. Başqa sözlə, işəgötürən bu haqda əmrində işçinin sınaq müddətində özünü doğrultmadığına dair halları təsdiq edən sübutları göstərməli və əsaslandırmalıdır. Qeyd edək ki, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti