...

Həyatımızın aynası: İTV

Cəmiyyət Materials 28 Avqust 2015 00:29 (UTC +04:00)
İctimai Televiziya haqqında dediklərimin hamısının arxasında konkret fakt dayanır.
Həyatımızın aynası: İTV

İctimai Televiziya haqqında dediklərimin hamısının arxasında konkret fakt dayanır. Daim hərəkətdə olan və eyni zamanda cəmiyyətin bütün təbəqələrində özünə qarşı bir inam, etibar qazanan bu nəhəng televiziya dəyirmanı son dərəcə güclü informasiya axınını özündə əsl peşəkarlıqla üyüdür və tamaşaçılarına təqdim edir.

O üzdən haqqında söhbət açdığımız ünvana vahid bir orqanizm kimi baxmağımız da təbiidir. Burada az qala hər şey bir-birini zərgər dəqiqliyilə tamamlayır. Nədən danışırsansa, nədən başlamaq istəyirsənsə, yenə də o bütövlüyü görürsən və qeyri-ixtiyari olaraq ayrıca hansısa verilişi deyil, bütöv bir televiziya ekranının əks etdirdiyi nə varsa, hamısını gözlərinin önündən keçirirsən. Məncə, bu, İctimai Televiziyanın əldə etdiyi son dərəcə möhtəşəm uğurdur və ən əsası, bu uğurdan hamımıza pay düşür.

Güclü rəqabət haqqında söz açmağa çətinlik çəkirəm. Televiziya məkanlarımızın özlərini çox asanlıqla nüfuzdan saldığı bir vaxtda, əgər ciddi rəqabət haqqında danışmaq istəsək, o rəqabətin ən etibarlı, ən sağlam ünvanlarından biri, bəlkə də birincisi elə İctimai Televiziyanın özü olacaq. Çünki bu meydanda hər şey özünün təbii görüntülərilə yalanı, illüziyanı səhnə arxasına sıxışdırır və bizdə üz-üzə gəldiyimiz hər hansı fakt haqqında doğru-düzgün təsəvvür formalaşdırır. Bəzən bu, ən adi etik normalardan tutmuş ən ali əxlaq kodekslərinədək gedib çıxır. Bununla da, cəmiyyətin intellektual səviyyəsini, dünyagörüşünü, ictimai-siyasi baxışlarını nəzərəçarpacaq dərəcədə yönləndirir...

Bu məkanda bayağı, süni təsvir və təşviqi görmək, bəlkə də, nə vaxtsa rastlaşa biləcəyimiz nadir hadisələrdən biri olardı. Çünki İctimai Televiziya peşəkar komandası ilə şəxsən mənə bir sırada çiyin-çiyinə vermiş, bir-birinə güvənən, etibar edən və nəhayət, uğrunda çarpışdığı məram və məqsədi yetərincə aydın dərk edən əsgərləri xatırladır. Belə əsgərlərin səfini pozmaq çox çətindir. Bu sıra, bu nizam qələbəni davamlı inadkarlığı, yaradıcılıq axtarışları ilə təmin edir və böyük bir səmimiyyətlə yenə də bizimlə bölüşür.

On il... Məncə, efir məkanında özünü döğrultmaq, özünü təqdim etmək, nəhayət, özünü tanımaq və tanıtmaq üçün bu müddət İctimai Televiziyaya kifayət qədər yetərli oldu. O qısa müddət ərzində etibarını qazandığı tamaşaçı auiditoriyasını, obrazlı ifadə etsək, öz əhatə dairəsində saxlamağı və bu sayı günbəgün artırmağı bacardı. Bütün bu uğurların arxasında isə, heç şübhəsiz, gecəli-gündüzlü, bitib-tükənməyən yaradıcılıq axtarışları, davamlı ciddi müşahidələr, bir sözlə, peşəkarlıq dayanır.

Milli Mətbuatımızın təməl prinsiplərinə, maarifçilik ənənələrinə intellektual mövqedən yanaşan bu doğma televiziya məkanı həm də, cəmiyyətin bütün təbəqələri üçün açıq olan qapıları ilə bizə doğmadır. Burada dövlətçilik ənənələri, milli dəyərlər, vətənpərvərlik, ümumiyyətlə, insani olanlar artıq on ildir ki, bizə öz həqiqi siması ilə təqdim edilir.

İnsanların bir-birinə və gələcəyə olan inamı artırmaq, sevinci sevinc, kədərə kədər kimi yaşamaq mədəniyyətini formalaşdırmaq, Vətənə, Dövlətə, xalqa sədaqət aşılamaqdır İctimai Televiziyanın bugünkü məramı, bugünkü məqsədi. Məncə, ötən son illər ərzində o, bu məqsədə çəkdiyi ağır zəhmət bahasına ləyaqətlə, şərəflə nail olub. Elə məhz buna görə də on yaşını qeyd etməyə hazırlaşan İctimai Televiziyanın bu yubiley sevincini hamımız ürəkdən bölüşürük. Çünki bu, bizim hamımızın bayramıdır...

İbrahim Rüstəmli,
Əməkdar jurnalist

Xəbər lenti

Xəbər lenti