Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada oktyabrın 13-də saat 9.00-dan 18.00-dək qurumun Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Quba və Qusar rayonlarının, oktyabrın 14-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonun müvafiq təbəqədən olan sakinlərinə protez-ortopedik bərpa xidməti göstərəcək.
Oktyabrın 15-də saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunda yaşayan, saat 14.00-dan 18.00-dək isə Siyəzən rayon ƏSMM-nin inzibati binasında bu rayonda və Xızı rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Həmin şəxslərin ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb. Təkcə bu ilin 9 ayında respublikamızın bütün bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirilməklə ümumilikdə 1464 nəfərə müvafiq xidmətlər göstərilib.