...

Mikayıl Əliyev küçəsi yeni görkəmdə (FOTO+VİDEO)

Cəmiyyət Materials 17 Noyabr 2015 15:11 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Nizami rayonu, Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Mikayıl Əliyev küçəsi yeni görkəmdə (FOTO+VİDEO)

Bakı. Trend:

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Nizami rayonu, Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, küçənin sözügedən hissəsində təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində həyata keçirilib. Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında aparılan işlər yüksək keyfiyyətlə görülərək, tərtib olunmuş qrafikə uyğun olaraq vaxtında yekunlaşdırılıb.

Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. 2 qat olmaqla küçənin 36 500 kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.

Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasiya sistemi olmadığından yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, küçədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların da təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemin də həll edilməsi istiqamətində ASC tərəfindən müvafiq addımlar atılıb. Belə ki, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Hazırda Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairənin asfalt-beton örtüyünün və səki daşlarının yenilənməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti