...

Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2015 13:58 (UTC +04:00)
Bu gün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, müxtəlif dövlət qurumlarının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqları konfederasiyalarının rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan S.Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

S.Mehbalıyev bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5 fevral 1993-cü ildə keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı".

S.Mehbalıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın arzusu və tələbi ilə hakimiyyətə qayıdışı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırdı: "Ölkədə sabitliyin, milli həmrəyliyin təmin edilməsi, hüquqi dövlət quruculuğunun başlanması istiqamətində atılan addımlar öz bəhrəsini verdi. Bütün bunlar həmkarlar ittifaqı təşkilatlarını müxtəlif siyasi qüvvələrin hücumlarından qorunmasına, tarixi ənənələrə malik təşkilatın öz missiyasını yerinə yetirməsinə hərtərəfli şərait yaratdı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilati baxımdan möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verildi. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".

S.Mehbalıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi həmkarlar ittifaqlarının yeni tarixində xüsusi rol oynadı: "2005-2015-ci illər ərzində həmkarlar ittifaqlarındakı xidmətlərinə görə 2 nəfərə "Şöhrət" ordeni, 4 nəfərə Prezident təqaüdü, 8 nəfərə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni verilib. 253 nəfər həmkarlar ittifaqı lideri "Tərəqqi" medalı ilə təltif edilib. 1 nəfərə "Əməkdar jurnalist", 53 nəfərə "Əməkdar mədəniyyət işçisi", 9 nəfərə "Əməkdar müəllim", 7 nəfərə "Əməkdar həkim", 6 nəfərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları verilib. AHİK-in yubiley medalları ilə təltif olunanların sayı 364 nəfərdir".

Sonra yubiley tədbirində iştirak edən qonaqlar, o cümlədən xarici ölkələrdən gəlmiş qonarlar çıxış edərək AHİK-i təbrik edib və gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adlar təqdim olunub.

Tədbirin sonunda həmkarlar ittifaqlarının üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə Prezident İlham Əliyevə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub və AHİK-in bütün üzvlərinin dövlət başçısının ölkəmizin dayanıqlı inkişafı istiqamətində yürütdüyü siyasətinə dəstək verdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti