...

Xaricdə yüksək akademik göstəricilərlə ali məktəbi bitirmiş məzunlarımızın 60 faizi özəl sektorda çalışır

Cəmiyyət Materials 16 Dekabr 2015 14:34 (UTC +04:00)
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.
Xaricdə yüksək akademik göstəricilərlə ali məktəbi bitirmiş məzunlarımızın 60 faizi özəl sektorda çalışır

Bakı. İlhamə İsabalayeva - Trend:

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramının sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.

İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti