...

Azərbaycanda ailə məhkəmələrinin tətbiqi üçün araşdırmalar aparılır

Cəmiyyət Materials 5 Yanvar 2016 15:13 (UTC +04:00)
Bir çox ölkələrdə tətbiq edilən ailə məhkəmələri Azərbaycanda da tətbiq edilə bilər.
Azərbaycanda ailə məhkəmələrinin tətbiqi üçün araşdırmalar aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Bir çox ölkələrdə tətbiq edilən ailə məhkəmələri Azərbaycanda da tətbiq edilə bilər.

Ailə məhkəmələrinin Azərbaycanda tətbiq edilməsi təklifi ilə çıxış edən millət vəkili Məlahət İbrahimqızı Trend-ə bildirib ki, bu məsələ üzərində artıq müəyyən işlərin aparılmasına başlanıb: "Bu istiqamətdə xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsini öyrənirik. Biz əvvəl xarici təcrübəni yaxşı öyrənməliyik, ondan sonra Azərbaycanda tətbiq oluna biləcək müvafiq model hazırlamalıyıq. Hesab edirəm ki, ailə məhkəmələrinin Azərbaycanda tətbiq edilməsi mümkündür və dövlətimiz və cəmiyyətimiz üçün xeyli faydalı ola bilər".

M.İbrahimqızı deyib ki, xarici ölkələrin təcrübəsi öyrənilir və bu istiqamətdə araşdırmalar aparılır. Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda məhkəmə institutunun inkişaf etdirilməsi məqsədilə ailə məhkəmələri ilə bağlı hazırlanacaq təkliflər paketinin Milli Məclisə təqdim ediləcəyi nəzərdə tutulur.

Milli Məclisin deputatı bildirib ki, ailə məhkəmələrinin tətbiqi boşanmaların sayını xeyli azalda bilər, çünki ailə məhkəmələri nikahın pozulması deyil, daha çox ailə başçılarının barışdırılması missiyası ilə çıxış edirlər.

Qeyd edək ki, digər ölkələrin təcrübəsinə əsasən, ailə məhkəmələrinin maliyyə və mülkün bölüşdürülməsi istisna olmaqla ailədaxili məsələlərlə bağlı işlərə baxmaq hüququ var. Ailə məhkəməsinin tərkibinə ailə məsələləri ilə bağlı ixtisaslaşmış mütəxəssislər, o cümlədən psixoloqlar, tərbiyəçilər, sosial məsələlərlə bağlı ekspertlər də daxil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti