Bakı. Trend:
Bu gün Bakı şəhər prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Prokurorluqdan Trend-ə verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci il də ölkəmiz üçün uğurlu olub, dövlət başçısının rəhbərliyi altında həyata keçirilmiş müstəqil, düşünülmüş siyasi kurs sayəsində ölkəmiz öz uğurlu inkişafını davam etdirib, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Bunu ötən il ölkəmizdə keçirilmiş mühüm beynəlxalq tədbirlər də təsdiqləyir. Bütün bunların əsasında stabil dövlət siyasəti durur ki, bu stabillik bilavasitə ölkə rəhbərliyinin gərgin əməyinin məntiqi nəticəsidir.
Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunun əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə ediblər.
Şəhər prokurorluğu əməkdaşları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.
Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin qeyd olunan cinayətlərin sayında azalma müşahidə olunub ki, bu da respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.
Belə ki, Nizami rayonunda Fizuli İskəndərovun, Xəzər rayonunda Xatirə Rzayevanın və Əzizə Həsənovanın, Nərimanov rayonunda Bəxtiyar Əliyevin, Səbail rayonunda isə Tahir Talıbovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub.
Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ildən ilə paytaxtda baş vermiş həm ölümlə nəticələnən yol-nəqliyyat hadisələri və həmin hadisələr nəticəsində ölənlərin sayı, həm də bağlı qalmış cinayətlərin sayı azalıb. Həmçinin müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.
Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşması tələb olunub və bildirilibr ki, hesabat dövründə Bakı şəhər prokurorluğunda ümumilikdə 1876 vətəndaşın qəbulu təşkil edilib ki, onlardan da 403 nəfəri şəxsən şəhər prokuroru tərəfindən qəbul olunub.
Qeyd edilib ki, hesabat dövrü ərzində şəhər prokurorluq orqanları üzrə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edilməklə Baş Prokurorluq tərəfindən hazırlanmış "Elektron sənəd dövriyyəsi" və "Elektron cinayət" proqramlarının uğurla tətbiqinə başlanılmış və həmin proqramların səmərəli istifadəsi məqsədilə hazırlıq kursları təşkil edilib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli qanun və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə, həmin qanunların və normativ aktların tələblərinə uyğun olaraq qəbul edilmiş Baş Prokurorun müvafiq əmrləri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılmaqla bu sahədə prokuror nəzarətinin gücləndirilməsi və qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunması tələb edilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatlıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə müvafiq göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilərək onların aradan qaldırılması tələb edilib.
Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.
Əməliyyat müşavirəsində şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov çıxış edərək 2015-ci il ərzində daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov şəhər prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, bu istiqamətdə görülmüş işlər haqqında ətraflı məlumat veriblər.
Yekunda şəhər prokuroru Ə.Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.