...

Azərbaycan Hüquq İslahatları Mərkəzinin 5 illik fəaliyyətinə dair hesabat

Cəmiyyət Materials 21 Yanvar 2016 15:58 (UTC +04:00)
İstənilən cəmiyyətdə sağlam vətəndaş cəmiyyətinin bərqərarlaşması, demokratik dəyərlərin formalaşdırılması, habelə hüququn aliliyinin təmin edilməsinin başlıca əsaslarından biri məhz şəffaflıqdır.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin 5 illik fəaliyyətinə dair hesabat

Bakı. Trend:

İstənilən cəmiyyətdə sağlam vətəndaş cəmiyyətinin bərqərarlaşması, demokratik dəyərlərin formalaşdırılması, habelə hüququn aliliyinin təmin edilməsinin başlıca əsaslarından biri məhz şəffaflıqdır. Bu mənada ictimai əsaslarla fəaliyyət göstərən qurumların gördüyü işlər hər zaman cəmiyyət üçün aşkar, şəffaf və hesabatlılığa dayanmalıdır.

2011-ci ildə təsis olunmuş Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) də yuxarıda qeyd olunmuş dəyərləri rəhbər tutaraq bu dövr ərzində gördüyü işlər barədə hüquq ictimaiyyətini məlumatlandırmağı özünə borc hesab edir. Beləliklə, Mərkəzin gördüyü işlərin qısa siyahısı aşağıdakı kimidir:

1. 2013-cü ilin əvvəlindən etibarən AHİM ölkəmizin vəkillik tarixində ilk dəfə olaraq vəkillərin və ümumən hüquqşünasların tribunası rolunu oynayan "Azərbaycan Vəkili" jurnalının nəşrinə müvəffəq olmuşdur. Rüblük 1000 tirajla nəşr olunan jurnalda hüququn müxtəlif sahələrinə həsr olunmuş təcrübi məqalələr işıq üzü görməkdədir. Qeyd olunmalıdır ki, indiyə kimi 7 sayı buraxılmış jurnal ölkənin bütün vəkil korpusuna pulsuz paylanılmaqda və onun elektron nüsxəsi Mərkəzin web-səhifəsinə (www.lawreform.az) yüklənilmişdir.

2. 2011-ci ildə AHİM-in təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində hakimlərin fərdi və peşə davranışları məsələlərinə həsr olunmuş "Səriştəlilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirin əsas qayəsi BMT tərəfindən qəbul edilən "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nin hüquq ictimaiyyətinə tanıdılması idi. Tədbirdə bütün instansiyalardan olan yerli hakimlər, Türkiyə və Gürcüstanın ali instansiya məhkəmələrinin hakimləri, AŞ-nın ekspertləri iştirak etmişlər.

3. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri 1000 nüsxədə nəşr olunaraq ölkənin bütün hakim korpusu, habelə hüquqşünaslar arasında paylanılmışdır.

4. Mərkəzin sədri vəkil Anar Bağırov tərəfindən hakimlərin, vəkillərin, məhkəmə aparatı işçilərinin etika (deontologiya) məsələlərinə dair Ədliyyə Akademiyasında, paytaxt və regional məhkəmələrdə çoxsaylı təlimlər keçirilmişdir (http://lawreform.az/index.php?module=news&name=view&id=856&lang=az).

5. Mərkəzin həyata keçirdiyi "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində 3 yeni kitab nəşr edilmişdir. Bu kitablarda "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyaları" adlı birinci nəşrdə Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) tərəfindən qəbul olunmuş "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi" və onların Kommentariyasının Azərbaycan dilində tərcüməsi öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, adı çəkilən nəşrlər kütləvi şəkildə nəşr olunaraq vəkillər arasında paylanışmış, ümumrespublika səviyyəli kitabxanalar qeyd olunan nəşrlərlə təmin edilmişdir.

6. 2011-ci ildə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati, Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə "Avropa İnsan Hüquqları Məhkəməsi" adlı vəsait işıq üzü görmüşdür. Qeyd olunmalıdır ki, kitabın müəllifi İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin İdarə Heyətinin üzvü, h.f.d. Zaur Əliyevdir. Qeyd olunan kitab Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi qeydiyyata alınmış və dərslikdə Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinin nəzəri və təcrübi tərəflərinin - məhkəmənin statusu, yurdiksiyası və onun həyata keçirilmə mexanizmləri ətraflı tədqiq olunmuşdur.

7. BDU-nun Hüquq fakültəsinin magistrantı, gənc hüquqşünas Qaya Əliyevin "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası" mövzusunda monoqrafiyası "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin maliyyə dəstəyi və sifarişi ilə kütləvi tirajla nəşr olunaraq hüquqşünaslar arasında paylanılması təmin edilmişdir (http://lawreform.az/index.php?module=news&name=view&id=3690&lang=az).

8. 2013-cü ildə AHİM, ƏN Məhkəmə Ekspertizası Mərkəzi və Almaniyanın Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən təşkil olunan "Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda ikigünlük elmi-praktik seminar keçirilmişdir. Tədbirin məqsədi respublikamızın bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasıdır. Seminarda alman məhkəmə ekspertləri iştirak etmişlər. Eyni zamanda layihə çərçivəsində azərbaycanlı ekspertlərin alman təcrübəsini öyrənmələri məqsədilə Almaniyaya tədris səfərləri təşkil olunmuşdu.

9. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmiş digər bir fəaliyyət "Vəkil məsləhətləri toplusu" kitabının kütləvi nəşri idi. Nəşrin məqsədi əhalinin hüquqi maariflənməsi səviyyəsinin artırılması vasitəsi ilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarının müəyyən edilməsi və müxtəlif həyati situasiyalarda hansı hüquqauyğun davranışdan yararlanmalı olduqlarından ibarətdir. Kitabın məzmunu sual-cavab formasında idi. Orada hüququn müxtəlif sahələrinə aid suallara qısa və anlaşılan formada cavablar verilmiş, aztəminatlı ailələr arasında paylanılmışdır. Layihə çərçivəsində nəşr olunacaq vəsaitdə AHİM-ə ünvanlanmış və 3 il ərzində toplanılmış sual-cavablar öz əksini tapmışdı.

10. Digər bir layihə Azərbaycanın hüquq elmi tarixində ilk dəfə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi nəticəsində vəkillər, hüquqsünaslar və tələbələr üçün nəzərdə tutulmuş "Vəkillik hüququ" dərsliyi işıq üzü görməsi idi. Dərsliyin müəllifi BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin müəllimi, vəkil, h.f.d. Şəhriyar Əliyevdir. Dərs vəsaitində geniş və anlaşıqlı formada vəkillik hüququnun anlayışı, sahələri, əsas fəaliyyət istiqamətləri şərh edilmişdir. Vəsaitdə vəkillik hüququ bir elm sahəsi kimi nəzərdən keçirilmiş, o, mövcud normativ sənədlər, beynəlxalq təcrübə və müqayisəli hüquq ədəbiyyatı əsasında hazırlanmışdır. Dərsliyin ərsəyə gəlməsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin formalaşdırdığı "Hüquqi yardım haqqında" Qanun layihəsinin hazırılanması üzrə İşçi Qrup yaxından iştirak etmişdir. Qeyd olunmalıdır ki, kitab vəkillər arasında pulsuz paylanılmışdır.

11. Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə AHİM və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi "Hüquq və Mən" adlı layihə çərçivəsində Bakı şəhərinin 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərində hüquq dərsləri keçirilmişdir. 10-11-ci sinif şagirdləri üçün keçirilən və 5 dərsdən ibarət olan bu layihədə məktəblilər üçün işçi dəftər və oxu kitabları təqdim olunmuşdur. 500-dən artıq şagirdin iştirak etdiyi məşğələlərin yekunu olaraq onlar Yasamal Rayon Məhkəməsində ekskursiya təşkil olunmuşdu. Ekskursiya çərçivəsində məktəblilər Fəxri Fərman və sertifiktlarla təltif olunmuşlar, yekunda isə açıq məhkəmə iclasında iştirak etmişlər. Nöbəti aylarda analoji məşğələlərin Gəncə və Sumqayıt məkəblərində də keçirilməsi nəzərdə tutulur (http://lawreform.az/index.php?module=news&name=view&id=1912&lang=az).

12. Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Virtual Hüquqi Klinika" adlı layihə də icra olunmuşdur. Layihənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının virtual ortamda peşəkar hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım almalarına şərait yaradılmasından ibarətdir. Belə ki, layihə çərçivəsində vətəndaşlar 4 ay ərzində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyinin internet səhifəsinin nəzdinda yaradılmış portalda hüquqi məsləhət bölməsinə daxil olaraq, orada hüquqla bağlı suallarını və problemlərini yazıb göndərmiş və bu suallar ən qısa zamanda peşəkar hüquqşünaslar (vəkillər) tərəfindən cavablandırılmışdır. Portalla tanış olmaq üçün: http://lawreform.az/?module=consultation&lang=az

13. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə ödənişsiz hüquqi yardım haqqında qanun layihəsinin təşviqi ilə sıx bağlıdır. 2013-cü ildə 2012-ci ilin fevral ayında "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB (AHİM) və "Azərbaycan Hüquqşünasları Konfederasiyası" İB (AHK) tərəfindən ölkəmizdə ilk dəfə olaraq "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsi və konsepsiya sənədinin hazırlanması üzrə peşəkar hüquqşünas və vəkillərdən ibarət İşçi Qrup yaradılmışdır. Keçən dövr ərzində Qrup tərəfindən müvafiq qanun layihəsi və konsepsiya sənədinin düzəlişlər də daxil olmaqla ilkin variantı hazırlanmışdır. Həmçinin qeyd olunan sənədlər Amerika Hüquqşünasları Assosiasiyasının (ABA/ROLI) Bakı nümayəndəliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunmuşdur. Habelə İşçi Qrupun bəzi üzvləri bu sahədə təcrübənin ümumiləşdirilməsi məqsədi ilə ATƏT-nin Bakı Ofisinin xətti ilə Litva Respublikasına səfər də etmişlər. Konsepsiya sənədi və qanun layihəsi ilə aşağıdakı linkdən tanış olmaq olar: http://www.lawreform.az/upload/file_17102012_az.pdf

14. Qeyd olunmalıdır ki, Mərkəz tərəfindən BMT, AŞ, GİZ, İRZ, ATƏT kimi çoxsaylı beynəlxlaq donor təşkilatlara hüququn müxtəlif sahələrinə dair ekspert xidmətləri göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti