Bakı. Trend:
Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin "Xalq" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub: Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 552 qram tiryək, 42 kq 250 qram marixuana, 29 kq 574 qram həşiş, 12 kq 248 qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam,1 kq 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
2015-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: (220-si kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici) barəsində müvafiq tədbirlər görülmüş, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2015-ci il ərzində 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.
Hesabat dövründə kinoloji xidmət itlərindən istifadə etməklə 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.