Bakı. Trend:
20 fevral tarixində SABIS SUN Beynəlxalq Məktəbinin şagird və müəllim heyəti "Park Bulvar" ticarət mərkəzində məktəb həyatından bir günü canlandırdılar.
Ticarət mərkəzinin birinci mərkətbəsində qurulmuş stenddə xüsusi məktəb ab-havası yaradılmışdı. SABIS SUN Beynəlxalq Məktəbinin nümayəndələri məktəbin stendinə yaxınlaşan hər bir kəsə məktəbdəki fəaliyyətlər, tədris metodikası, təhsil sistemi haqqında məlumat verirdi. Tələbə Həyatı Təşkilatının nümayiş etdirdiyi fəaliyyətlər isə SABIS SUN Beynəlxalq Məktəbinin digər təhsil müəssisələrindən fərqini əyani şəkildə nümayiş etdirdi. Arzu edənlər müsabiqə şəklində təşkil edilən bu fəaliyyətlərdə iştirak edə bilərdi. Qaliblər SABIS SUN Beynəlxalq Məktəbindən hədiyyəyə layiq görüldülər.
2015-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən SABIS SUN Beynəlxalq Məktəbi qlobal "Sabis" təhsil sistemini təqdim edir. ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Rumıniyanın arasında olduğu dünyanın 16 ölkəsində 60 beynəlxalq məktəbin daxil olduğu SABIS beynəlxalq təhsil sistemi nailiyyət qazanmağa tam hazır olan, hərtərəfli şəxsiyyətlər yetişdirir.
"Dreamland" ərazisində yerləşən SABIS SUN Beynəlxalq Məktəbi 67 min kvadrat metr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı, məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.
Məktəb öz məzunlarını beynəlxalq imtahan sistemlərinə hazırlamaqla yanaşı, onları həm də dövlət attestatı ilə təmin edir.
1 mart tarixindən etibarən SABIS SUN Beynəlxalq Məktəbində 2016-2017-ci tədris ili üçün uşaq bağçası və 1-ci sinifdən 9-cu sinfə qədər qeydiyyat başlayacaq.