...

BDU-da BMT nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 14:56
Bakı Dövlət Universitetində (BDU) BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BDU-da BMT nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətini salamlayaraq BDU-nun tarixi, bu günü, o cümlədən beynəlxalq əlaqələri barədə məlumat verib.

Rektor Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdiyini və ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərə mühüm töhfələr verdiyini, keçiriləcək forumun isə bu sahədə ölkəmizin əldə etdiyi təcrübəni bölüşməsinə şərait yaradacağını qeyd edib.

Sonra BMT-nin tarixindən danışan rektor Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il 25-27 aprel tarixlərində Bakıda keçirilməsi barədə qərarın 2014-cü il sentyabrın 26-da qəbul edildiyini bildirib. Rektor Abel Məhərrəmov Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyətinin adıçəkilən foruma hazırlıqla bağlı görülmüş işlərlə tanış olmaq, o cümlədən müvafiq müzakirələr aparmaq məqsədilə Bakıda səfərdə olduğunu deyib.

Daha sonra BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib, artıq 5-ci dəfədir ki, Bakıya səfər etdiyini, şəhərin hər il daha da inkişafının şahidi olduğunu vurğulayıb.

O, keçiriləcək forumun əhəmiyyətindən, nəzərdə tutulan işlərdən bəhs edərək, bu forumun yalnız Azərbaycan üçün deyil, BMT Sivilizasiyalar Alyansı üçün də çox faydalı olduğunu söyləyib. Belə ki, forumda Azərbaycanın tarixi, keçdiyi yollar haqqında danışılacaq, burada müxtəlif millətlərin harmoniya şəklində yaşamasından ətraflı bəhs ediləcək. Bakı toplantısının əvvəlkilərdən çox fərqlənəcəyinə ümid etdiyini bildirən N.Saad bunu Azərbaycanın bu il dünyaya ünvanladığı "Multikulturalizm ili" mesajı ilə əlaqələndirib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 2008-ci ildən bəri Sivilizasiyalar Alyansının İspaniya, Türkiyə, Brazilyada, bir sözlə, 6 ölkədə toplantısının keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti