...

Azərbaycanda tibb işçiləri icbari qaydada sığorta ediləcək

Cəmiyyət Materials 3 Mart 2016 14:43 (UTC +04:00)
Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.
Azərbaycanda tibb işçiləri icbari qaydada sığorta ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, bununla əlaqədar "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb. Layihəyə görə, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq, icbari qaydada sığorta ediləcəklər.

Qeyd edək ki, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.

İclasda həm də "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi təklif edilib.

Yeni layihəyə əsasən, tibb işçiləri öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə müvafiq qanunvericliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunacaqlar.

İclasda "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələlərinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi haqqında qanunun ləğv edilməsi təklif edilib.

İclasda qeyd edilən layihələr qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti