...

UNEC tələbələri Fransa universitetlərinə göndəriləcək (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 10:16 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC tələbələri Fransa universitetlərinə göndəriləcək (FOTO)

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə rektor, professor Ədalət Muradov bildirib ki, dünyanın və Avropanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ən mütərəqqi təhsil modelinin UNEC-ə gətirilməsi prioritetlərimiz sırasındadır.

Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, UNEC-in Türkiyənin Mövlanə proqramına qoşulduğunu və universitetin 100-ə yaxın müəllim və tələbəsinin bu proqramdan yararlandığını vurğulayıb. Rektor bildirib ki, UNEC Erasmus+ proqramı çərçivəsində Avropanın 10 ən nüfuzlu universiteti ilə razılıq əldə edib. Razılığa əsasən, bu il UNEC-in 103 müəllim və tələbəsi həmin universitetlərdə mübadilə proqramında iştirak edə biləcəklər.

Fransa ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan rektor bildirib ki, aprel ayında Fransanın qədim Monpelye universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanacaq.

Müqaviləyə əsasən, proqrama qoşulan UNEC tələbələri 4 il ərzində hər iki universitetin diplomunu əldə edə biləcəklər. Ə.Muradov qeyd edib ki, menecment ixtisası üzrə kadr hazırlığına görə Fransa universtetləri böyük təcrübəyə malikdir. Bu baxımdan həmin universitetlərlə əməkdaşlıq etməkdə maraqlıyıq.

Görüşdə bildirilib ki, səfirin təşəbbüsü ilə UNEC-in 5 tələbəsi və 3 müəllimi mübadilə proqramı çərçivəsində Fransa universitetlərinə göndəriləcək. Obyektivlik və şəffaflıq baxımından həmin universitetlərə göndəriləcək müəllim və tələbələri Fransa tərəfi müəyyən edəcək.

UNEC rektoru fiziki məhdudiyyətli tələbələrin ali təhsilə cəlb olunması istiqamətində universitetdə bir sıra layihələrin həyata keçirildiyini, bununla bağlı mərkəzin fəaliyyət göstərdiyini bildirib.

Biz istəyirik ki, fiziki məhdudiyyətli tələbələr də UNEC-in tədris imkanlarından tam istifadə edə bilsinlər, deyən rektor, bu təşəbbüslərin daha uğurlu rellaşdırılması üçün təklif və tövsiyələrə açıq olduqlarını bildirib.

Xanım Orelia Buşez Fransanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasını yüksək qiymətləndirib. Bildirib ki, bu əlaqələr hər iki tərəfin maraqlarına cavab verməlidir. Səfir menecment sahəsi üzrə kadr hazırlığında Fransa universitetləri ən qabaqcıl təcrübəyə malik olduğunu da diqqətə çatdırıb. Bildirib ki, Fransa səfirliyi fiziki məhdudiyyətli gənclərin UNEC-də təhsil alması üçün hər cür dəstəyi göstərməyə hazırdır.

Bundan başqa, xanım Buşez UNEC ilə Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində bir sıra tədbirlərin keçiriliməsini təklif edib.

Milli Erasmus+ ofisinin rərbəri Pərviz Bağırov Erasmus+ layihəsinin icrasında UNEC-in aktiv iştirakını xüsusi vurğulayıb. Bildirib ki, 2016-cı ildə universitet daha 2 layihə ilə Avropa Komissiyasına müraciət edib.

Tədbirdə Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-ın (İnterational School of Business and Management) nümayəndələri də müəllim və tələbə mobilliyi mövzusunda təqdimatla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti