...

Yaponiyanın İNPEX şirkəti BANM-də təlim keçib

Cəmiyyət Materials 15 Mart 2016 13:03 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkəti tələbələr üçün təlim keçdi.
Yaponiyanın İNPEX şirkəti BANM-də təlim keçib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkəti tələbələr üçün təlim keçdi.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təlimdən öncə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşinanın başçılığı ilə nümayəndə heyəti və Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüş keçirdi.

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları yenidən Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi. Rektor Elmar Qasımov professor Masanori Kuriharanın təqdim edəcəyi mühazirənin tələbələr üçün çox faydalı və yaddaqalan olacağına əmin olduğunu dedi.

Rektor təqdim olunan mühazirənin tələbələrə nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə kömək edəcəyini vurğuladı. O qeyd etdi ki, Yaponiya təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə bir nümunədir.

Elmar Qasımov SOCAR UPSTREAM şirkətinin və İNPEX Korporasiyasının rəhbərliyinə bu görüşün təşkil olunmasında göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara Ali Məktəbə keçən ilki səfəri zamanı keçirilən görüşü xatırlatdı və həmin görüşün xoş təəssüratlarla yadda qaldığını dedi.

Professor Masanori Kurihara tələbələrlə ünsiyyət imkanı yaratdığı üçün rektora təşəkkür etdi. O, bu görüşü gələcək əməkdaşlığın ilkin addımı kimi qiymətləndirərək bu əməkdaşlığın sürətlə davam edəcəyinə əminlik ifadə etdi.

Sonra qonaqlar tələbələrlə görüşdülər. Öncə İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşina təmsil etdiyi şirkət haqqında qısa təqdimatla çıxış edərək məlumat verdi.
Professor Masanori Kurihara tələbələrə "Kəşfiyat və Hasilat üzrə "asan əldə edilən neft-qaz", eləcə də neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi" mövzusunda məruzə ilə çıxış etdi.

Masanori Kurihara qırılmalarla müşayiət olunan mürəkkəb layların, eləcə də aşağı keçiriciliyə malik və ya antiklinal olmayan neft-qaz laylarının işlənməsi, dərin sularda, qütb regionlarında, yüksək təzyiq və yüksək temperaturda neft-qaz yataqlarının işlənməsi, neftçıxarma əmsalının artırılması, qeyri-ənənəvi neft və qazın hasil edilməsi, ətraf mühitin mühafizəsi məsələləri haqqında geniş məlumat verdi.
Sonra Masanori Kurihara tələbələri maraqlandıran sualları cavablandırdı.

Xatırladaq ki, BANM-in rektoru Elmar Qasımov və professor-müəllim heyəti ilə professor Masanori Kurihara və İNPEX Korporasiyasının keçən ilin avqust ayında Bakıda səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüş zamanı rektor Elmar Qasımov professor Masanori Kuriharanı BANM-də tələbələrə master-klass keçməyə dəvət edib.

Onun Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində 2016-ci ilin mart ayında BANM-də tələbələr üçün professional təlimlərin təşkil olunmasına razılıq əldə olunub.

Qeyd edək, tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti