...

Ekologiya Nazirliyi son 3 ayda 160 mindən çox ağac əkib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 15:57 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) tabeli qurumları tərəfindən xidməti ərazilərdə 2016-cı ilin 3 ayında ümumilikdə 160 min 390 ədəd ağac və kol bitkisi əkilib. Qeyd edək ki, bunun 84 min 390 ədədi 81 hektar yeni əkin sahəsində, digər 76 mini isə əvvəlki illərin 185 hektarlıq əkin yerlərində doldurma-bərpa işləri aparılmaqla həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafındakı ərazilərdə son aylarda 55 hektar sahədə 45 min 175 ədəd ağac əkilməklə yeni yaşıllıqlar salınıb. Respublikanın digər magistral avtomobil yollarının ətrafında, o cümlədən Bakı-Astara və Bakı-Quba magistral avtomobil yolunun Ələt-Salyan və Siyəzən-Şabran hissələrində yeni suvarma sistemləri qurulmaqla Ələt-Salyan yolunda 8 hektarda 6 min 664 ədəd, Siyəzən-Şabran yolunda isə 3 hektarda 2 min 550 ədəd ağac əkilərək yaşıllıqlar salınıb.

Bakı-Şamaxı və Bakı-Qazax magistral avtomobil yollarının ətrafında əvvəlki illərdə salınmış yaşıllıqlarda isə doldurma-bərpa işləri aparılıb və bu işlərə 76 mindən çox ağac və kol bitkisi sərf edilib.

Eyni zamanda "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Bakının Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında da (Bibiheybət hissəsi) ərazilərin yaşıllaşdırılması işləri davam etdirilib. Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında 2014-cü ildən 2016-cı ilin I rübünədək yaşıllıqların ümumi sahəsi 72 hektara, əkilmiş ağacların sayı 463 min 274 ədədə çatdırılıb, o cümlədən 2016-cı ilin yazında 15 hektarda 30 min ədəd müxtəlif cinsli ağac əkilib, bütün ərazilər müasir damcılı suvarma sistemləri ilə təchiz olunub.

Ümumilikdə ASC tərəfindən xidməti ərazilərdə 2008-ci ildən 2016-cı ilin I rübünədək 3 min 740 hektarda 4 milyon 796 min 100 ədəd ağac və kol bitkisi əkilib və bunun 1 milyon 258 mini zeytundur.

Keyfiyyətli əkin materiallarının yetişdirilməsi sahəsində də "Azəryaşlandşaft" ASC tərəfindən uğurlu və sabit iş aparılır. 2016-cı ilin ilk aylarından ASC-nin tingliklərində 282 min ədədi dibçək və paketlərdə olmaqla ümumilikdə 342 min ədəd müxtəlif cinsli ağac, kol bitkilərinin toxmacar və tinglərin yetişdirilməsinə başlanılıb. 877 min ədəd müxtəlif cinsli ağac və kol bitkilərinin çilingi kökləndirilmək üçün xüsusi quraşdırılmış, suvarma və qızdırıcı sistemlərlə təmin edilmiş istixanalarda ləklərə basdırılıb. Bu çilinglərin 819 min ədədi zeytundur. Bundan əlavə, Eldar şamı, zeytun, sərv, Şərq çinarı, akasiya, şirin badam, daş palıd və digər qiymətli ağac və kol cinslərinin toxumları tədarük edilərək tingliklərə səpilib. Əkin materiallarının yetişdirilməsi ASC-yə 2016-cı ilin payızından başlayaraq özünü keyfiyyətli, kökü bağlı əkin materialları ilə təmin etməyə və yaşıllıqların maya dəyərinin aşağı salınmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti