...

Azərbaycanın qar ehtiyatı azalıb

Cəmiyyət Materials 21 Mart 2016 21:46 (UTC +04:00)
Bu il Azərbaycanda qar çox yağsa da, hazırda qar ehtiyatı keçən ilə nisbətən azdır.
Azərbaycanın qar ehtiyatı azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycanda qar çox yağsa da, hazırda qar ehtiyatı keçən ilə nisbətən azdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə 4 istiqamət, 28 marşrut üzrə qar ölçmə işləri aparılıb.

Qar ölçmə işləri Böyük Qafqazda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba və Qusar rayonlarında, Kiçik Qafqazda isə Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində aparılıb.

A.Verdiyev deyib ki, aparılan müşahidələrə görə, ölkədə bu il qar ötən ilə nisbətən çox yağsa da, mart ayında dağlıq və dağətəyi rayonlarda havanın temperaturunun yüksəlməsi qarın əriməsinə və nəticə etibarilə qar örtüyünün azalmasına səbəb olub. Hazırda qar ehtiyatı ölkənin əsasən yüksək dağlıq ərazilərində qalıb ki, onlar da ölkədəki çaylarda gursululuğun yaranmasında rol oynayacaq.

Baş hidroloqun sözlərinə görə, respublikanın çaylarında adətən aprel, may, iyun aylarında gursululuq dövrü müşahidə edilir. Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı, Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də aparılan qar ölçmə işlərinin nəticələri əldə edildikdən sonra, aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Azərbaycan çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanacaq. Hazırda isə qar ölçmənin nəticələri ilə əlaqədar hesablama işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirmişdi ki, Azərbaycanda sel təhlükəsi olan çaylar əsasən Böyük Qafqazın cənub yamacının çaylarıdır. Bu çaylar Kiş, Girdiman çayı və başqalarıdır: "Hər il olduğu kimi, bu il də həmin çaylarda sel təhlükəsi var. Əlbəttə, Kiçik Qafqazda da bəzi çaylar - Şəmkir, Ağstafa çaylarında, eləcə də Lənkəran-Talış zonasındakı çaylarda təhlükə var. Amma həmin çaylarla bağlı proqnozlar elə də pis deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti