Bakı. İlhamə İsabalayeva-Trend:
2016-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4921,0 min nəfər olmuş, onlardan 4676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1454,0 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,2 faizi emal sənayesində, 6,1 faizi tikintidə, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 22,8 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2016-cı ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,5 saat təşkil etmişdir.