...

Azərbaycanda onkoloji diaqnozla 5 il və daha çox yaşayanların sayı çoxalıb

Cəmiyyət Materials 15 May 2016 08:38 (UTC +04:00)
Hazırda ölkədəki onkoloji xəstələrin 14 577 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.
Azərbaycanda onkoloji diaqnozla 5 il və daha çox yaşayanların sayı çoxalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda ölkədəki onkoloji xəstələrin 14 577 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Baş onkoloq bildirib ki, ölkədə onkoloji diaqnozla 5 il və daha çox yaşayanların sayı çoxalıb. 2014-cü idə 5 və 5 ildən yuxarı müddətdə onkoloji diaqnozla yaşayanların sayı 13 582, 2013-cü ildə isə 13 284 nəfər olub.

A.Kərimli əlavə edib ki, hazırda Azərbaycanda 40 653 onkoloji xəstə qeydiyyatdadır.

2015-cü ildə 10 183 nəfərə həyatında ilk dəfə onkoloji diaqnoz qoyulub. Onların 4541 nəfərində (2014-cü ildə 4256 nəfərdə) onkoloji xəstəlik xəstəliyin I və II mərhələsində aşkarlanıb.

Baş onkoloq qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərcəngidir. Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir.

Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərcəngi müşahidə olunur. Xərcəng xəstəliyinə əsasən, yaşı 50-dən yuxarı olan insanlar arasında təsadüf olunur.

A.Kərimlinin sözlərinə görə, ölkədə onkoloji xəstələrin sayı artsa da, bu artım bir çox ölkələrlə müqayisədə Azərbaycanda xeyli aşağıdır.

Onkoloji xəstələrin sayının 9 milyon nəfərdən cox əhalisi olan Azərbaycan üçün o qədər də böyük rəqəm saymayan baş onkoloq deyib ki, əhali arasında bu xəstəliklərlə bağlı maarifləndirmə işləri aparılır: "Eyni zamanda, insanlar vaxtında müraciət etməyə başlayıblar. Xəstəliyin I və II mərhələsində də müraciət edənlərin sayında artım müşahidə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti