...

Allahşükür Paşazadə: Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir (FOTO)

Cəmiyyət Materials 13 May 2016 15:38 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanı qəbul edib.
Allahşükür Paşazadə: Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir (FOTO)

Bakı. Samir Əli-Trend:

Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanı qəbul edib.

Trend-in məlumatına görə, A.Paşazadə bildirib ki, Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir: "Amma buna baxmayaraq bəzi çətinliklər də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın".

O bildirib ki, Azərbaycanda həm sünni, həm şiə məzhəbi mövcuddur: "Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh əmin-amanlıq şəraitində yaşayır. Bu hal heç bir ölkədə yoxdur".

A.Paşazadə görüşdə İran-Azərbaycan münasibətlərinə də toxunaraq bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var: "Biz çalışırıq ki, o qüvvələrə mane olaq. Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri bunun ən yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi. Bu qardaşlığın və dostluğun göstəricisidir".

Şeyxülislam görüşdə Dağlıq Qarabağ probleminə də diqqət çəkib.

O bildirib ki, bu problem Azərbaycanın ən böyük dərdidir: "Qarabağda dini məbədlər işğal altındadır. Biz sülhə ümid edirik, sülh istəyirik. Aprel ayında Erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatın nəticəsində Azərbaycan tərəfi bu təxribatın qarşısını alarkən ərazilərimizin bir hissəsini erməni işğalından azad etdi. Bu prosesdə İran bizim səsimizə səs verdi, bizə dəstək oldu. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm. İki dövlət rəhbərinin bir-birinə olan qardaşlıq münasibəti böyük rol oynayır".

Abuzər İbrahimi Türkman Azərbaycanla İran arasında olan əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: " Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan-İran münasibətlərinə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti