...

Bakıda Amerika günlərinin açılışı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2016 20:53 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Amerika günlərinin açılışı ilə bağlı konsert proqramı təşkil edilib.
Bakıda Amerika günlərinin açılışı keçirilib (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Amerika günlərinin açılışı ilə bağlı konsert proqramı təşkil edilib.

Trend-in məlumatına görə, konsertdən əvvəl açılış nitqi ilə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın müxtəlifliyinə həsr olunmuş festivalın 1 həftə davam edəcəyini deyib.

O bildirib ki, ABŞ-la Azərbaycan arasında oxşarlıqlar çoxdur və ən əsas hər iki ölkə müxtəlif dini, milli, mədəni qruplara qarşı tolerantdır.

Səfir bildirib ki, hər iki xalq bu dəyərləri gələcək nəsillərə çatdırmaq niyyətindədir. O, 1 həftəlik proqram çərçivəsində Amerika musiqisi, rəsmləri, mətbəxinin, müxtəlifliyinin, baxış tərzinin Azərbaycan xalqı ilə paylaşılacağını bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 2011-ci ildə Amerikada Azərbaycan günlərinin keçirildiyini xatırladıb. O, coğrafi baxımdan uzaq olan iki ölkənin mədəniyyət baxımından daha da yaxınlaşacağına ümid etdiyini bildirib.

Sonra tədbir Azərbaycan musiqiçilərinin ifasında Amerika klassik musiqilərdən ibarət konsertlə davam edib.

Qeyd edək ki, 13-21 may tarixlərində keçiriləcək Amerika günləri Azərbaycanda multikulturalizm ili çərçivəsində təşkil olunur. Bu günlərdə Broadway Bound musiqi teatrının, Silver City Bound Bluqras qrupunun çıxışları, Company E ilə müasir rəqs, DJ CaveM və Alkemiyanın çıxışı, fotosərginin və ABŞ mətbəxinin nümayişi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti