...

Vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib

Cəmiyyət Materials 20 May 2016 11:00 (UTC +04:00)
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində kadrların yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib.
Vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində kadrların yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, metropolitenin müxtəlif sahələrində çalışan əməkdaşların iştirak etdiyi müsabiqədə, ilk dəfə olaraq, insan resurslarının idarə olunmasında profaylinq və operativ psixodiaqnostikanın müasir metodikalarına əsaslanan xüsusi proqramdan istifadə olunub.

Bu proqram namizədin psixoloji vəziyyətini, onun fərdi davranış xüsusiyyətlərini və bacarığını, həmçinin vakant vəzifəyə uyğunluq dərəcəsini təyin etmək üçün ətraflı məlumatı effektiv şəkildə təyin etməyə imkan verir. Namizədlərlə müsahibələr CİBS şirkətinin eksperti Təbriz Hacıyev tərəfindən fərdi aparılıb və müsahibələr videogörüntülərə əsasən analiz olunub.

Müsabiqə elektromexanika xidmətində mühəndis-texniki avadanlıqları və eskalator təsərrüfatı üzrə növbə dispetçerləri vəzifələrinə qəbulla bağlı olub. Müraciət edən əməkdaşlar arasından 22 nəfər müsabiqədə iştirak edib. İlk mərhələdə həmin vəzifələrə iddialı olanların peşə yararlığı kadr komissiyasının mütəxəssisləri tərəfindən araşdırılıb.

Qurum rəsmisi deyib ki, növbəti mərhələdə profaylinq sisteminə uyğun olaraq, namizədlərlə fərdi müsahibələr aparılıb, müsahibələrin təhlili nəticəsində onların vakant vəzifəyə uyğunluq dərəcəsi müəyyən olunub. Müsabiqənin nəticələrinə görə 5 nəfərin peşəyə uyğunluğu təsdiq edilib və onlar müvafiq vakant yerlərə təyin olunublar.

N.Paşayev qeyd edib ki, "Bakı Metropoliteni" QSC fəaliyyətə başladığı ilk gündən xüsusi diqqətlə yanaşılan məsələlərdən biri də insan resurslarının təkmilləşdirilməsi olub. Bu gün metropolitendə kadrların karyera perspektivi üçün bütün lazımi imkanlar yaradılıb. Gənc və bacarıqlı kadrların işə qəbulu, yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, əmək qabiliyyətinin qiymətləndirilməsi və bu qəbildən olan müvafiq işlərin təkmilləşdirilməsi müəssisənin insan resursları və xidmət departamentinin diqqət mərkəzində olan məsələlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti