...

"Təmiz Şəhər" 1 iyunda uşaqlar üçün məlumat turu təşkil edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2016 13:23 (UTC +04:00)

Bakı. Trend:

1 iyun - Beynəlxalq Uşaqlar günündə "Təmiz Şəhər" ASC uşaqların həm əylənməsi, həm də maarifləndirilməsi məqsədilə məlumat turu təşkil edib.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, 193 nömrəli orta məktəbin ibtidai sinif şagirdləri öncə Balaxanı qəsəbəsinə səfər edərək Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Məişət Tullantılarının Çeşidlənməsi Zavodlarının fəaliyyəti ilə tanış olmuş, daha sonra isə Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə səfər ediblər.

Ətraf mühitə qayğı ilə yanaşmağı, tullantılarla düzgün rəftar edərək şəhərin gözəlliyini, təbiətin sağlamlığını qorumaq kimi vacib məsələlər barədə söhbətlərdə iştirak edən uşaqlar "Təmiz Şəhər" ASC tərəfindən bu istiqamətdə görülən işlərlə əyani şəkildə tanış olmuşlar. Uşaqlar tullantıların zavodlara daxil olduqdan sonra hansı proseslərdən keçdiyini, emal və yandırma nəticəsində tullantı kütləsinin tərkibində olan dəyərli material və enerjinin ayrılması və istifadə edilməsinə dair mütəxəssislərdən məlumatlar əldə etmişlər.

Böyük maraqla verilən suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən 2015-ci ildə yaradılan "Tullantıdan sənətə" muzeyində isə şagirdlər tullantı materiallarından istifadə etməklə gözəl əl işləri və sənət əsərlərinin yaradılmasının mümkün olduğunu müşahidə etmişlər. Uşaqlar tullantıların lazımsız əşyalar toplusu olmadığını, onların xammal və enerji mənbəyi olmasının şahidi olmuş, hətta tullantılardan sənət əsərləri belə yaratmağın mümkün olmasını anlamışlar.

Muzeydə toplanan 2012-2015-ci illər ərzində keçirilən "Tullantıdan sənətə" beynəlxalq sərgilərin eksponatları uşaqlar tərəfindən böyük maraqla qarşılandı, tullantılarla rəftarda fərqli yanaşmaq üçün bir təkan oldu. "Təmiz Şəhər" ASC-nin nümayəndələri həmçinin uşaqlara tullantılardan təkrar istifadə üçün məsləhətlər verdi. Kiçik ziyarətçilər öz növbəsində əldə etdiyi məlumatları öz dostları ilə bölüşəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti