Bakı. Trend:
Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.
Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.
Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.