...

Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlər təqdim olundu (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 14:11 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir.
Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlər təqdim olundu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi ilə Zaqatala rayonunda inşa olunmuş 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Yeni mənzillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, habelə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Onlar sosial təminatlarının daim artırılmasına, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni fərdi yaşayış evləri ilə təmin olunmalarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olmuş insanların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün onların mənzillə təminatı respublikamızda icra olunan mühüm sosial proqramlardan biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaradıb.

Sərəncamın uğurlu icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır. Keçən il 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edən nazirlik bu ilin ötən dövründə bu təbəqələrdən olan 193 nəfər vətəndaşın yeni mənzillə təminatını həyata keçirib. Hazırda respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Çıxışlarda bu təbəqələrdən olan şəxslərin maddi təminatlarının gücləndirilməsi işlərindən də bəhs olunub, dövlət başçısının müvafiq Fərman və Sərəncamları ilə həmin insanlara yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı bildirilib. Ölkədə daim güclənən sosial siyasət kursunun bu sahədə tədbirlərin də daim yüksələn xətlə davam etməsinə əsas yaratdığı vurğulanıb.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinin, 8 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti