...

Vüsal Quliyev: Gənclər təşkilatlarımız Avropada fəallıq nümayiş etdirirlər

Cəmiyyət Materials 5 İyul 2016 18:20 (UTC +04:00)
Gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirirlər.
Vüsal Quliyev: Gənclər təşkilatlarımız Avropada fəallıq nümayiş etdirirlər

Bakı. Trend:

Gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirirlər.

Trend-in məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri, Prezident Yanında QHT lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Gəncə şəhərində keçirilən “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumunda səsləndirib.

V.Quliyev qeyd edib ki, hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır: "Gənclər zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur".

Gənclər siyasətinin öz müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu bildirən V.Quliyev əlavə edib: "Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilib, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən Gənclər Fondu yaradılıb. Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib."

Bu gün gənclər təşkilatlarının Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirdiyini və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil etdiyini deyən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini bildirib: "Gəncə şəhərinin 2016-cı il “Avropa gənclər paytaxtı” seçilməsində də bu amil xüsusi əhəmiyyət kəsb edib. Hazırda Avropa gənclərinin diqqəti Gəncə şəhərindədir. 2016-cı il ərzində çoxlu sayda yerli və beynəlxalq tədbir Gəncədə həyata keçiriləcək. Bu isə bizlərə imkan verir ki, ölkəmizin tarix və mədəniyyətini, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Eyni zamanda, gənclərlə iş sahəsində qazanılmış təcrübəmizi bölüşmək baxımından da belə bir titulun Azərbaycana məxsus olması çox önəmlidir. İnanıram ki, bu gün rəsmi açılışına toplaşdığımız “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumu iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq və yadda qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti