...

Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb

Cəmiyyət Materials 19 Avqust 2016 16:06 (UTC +04:00)
Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə Suriyada qanunsuz silahlı birləşmədə iştirakda təqsirləndirilərək həbs edilən Bakı şəhər sakini Zöhrab Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki, prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda Z.Məmmədovun vəkili Adəm Məmmədov təqsirləndirilən şəxsin ağır xəsarət aldığı üçün həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və cinayət işinin icratının  dayandırılması barədə iki vasatət qaldırıb.

Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatət isə baxılmamış saxlanılıb.

İş üzrə məhkəmənin hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası avqustun 31-ə təyin edilib.

Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılıblar.

Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Z.Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar", İ.Muxtarov isə İraqdakı "Muvahidd camaatı" adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.

Həmçinin müəyyən edilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan V.Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək "Azəri camaatı" qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları müxtəlif şərtlər altında döyüşə hazırlayıb, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.

Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Faktla bağlı Z.Məmmədov barəsində Cinayət Məcəlləsinin 279-cu( qanunsuz silahlı birləşmə yaratmaq) maddəsilə cinayət işi başlanıb və istintaq müddətində onun İŞİD-də döyüşməsi sübuta yetirilmədiyindən iş ayrıca icrata verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti