...

Şirvanda səmərəsiz xərclərə yol verilib

Cəmiyyət Materials 20 Avqust 2016 15:05 (UTC +04:00)
Bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib.
Şirvanda səmərəsiz xərclərə yol verilib

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Trend-ə verilən məlumata görə, Şirvan şəhəri Aran iqtisadi rayonuna daxil olmaqla, ərazisi 30 kv.km, əhalisi 01 yanvar 2015-ci il tarixə 82,9 min nəfərdir. 01.01.2016-cı il tarixə mənzil fondunda özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 193 870 kv.m, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi 140 365 kv.m,  fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsi 185 606 kv.m təşkil edib. Dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hesabına 2014-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 01 aprel 2016-cı il tarixə 3,7% çox olub.

Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4817,0 min manat məbləğində vəsait əhatə olunub.

Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kv.m-ə düşən xərc araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib.

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib.

Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan  alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib.

Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb.

Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib.

Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Şirvan şəhər İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti