Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi üçün çox gözəl şərait yaradıb. Trend-in məlumatına görə, bunu Forum çərçivəsində keçirilən panel müzakirələrində çıxış edən Tacikistan Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurov deyib.
O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq nüfuzu hər il artır: “Burada dünya üçün mühüm məsələlər müzakirə olunur, hər dəfə forumda millətlər arasında dialoqun güncləndirilməsi üçün yeni ideyalar səsləndirilir”.
Ş.Zuxurov bildirib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlət bu sahəyə xüsusi diqqət yetirir: “Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bunun bariz nümunəsidir”.