...

AHİK nümayəndə heyəti İstanbulda beynəlxalq simpoziumda iştirak edir (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2016 17:36 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir.
AHİK nümayəndə heyəti İstanbulda beynəlxalq simpoziumda iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir

AHİK-dən Trend-ə verilən məlumata görə, oktyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində “Məmur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial, İqtisadi və Sosial Araşdırmalar və İslam ölkələri üzrə Təlim Mərkəzinin ( SERSİC) “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium öz işinə başlayıb.

58 ölkənin 80 Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edən 116 nəfər iştirakçının qatıldığı tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezident, Milli Məclisin deputatı Səttar Mehbalıyev iştirakçıları salamlayaraq simpoziumun qarşısına qoyduğu məqsədlərə çatacağına, əməkdaşlığa güclü təkan verəcəyinə və uğurlu nətəcələr əldə edəcəyinə əminliyini ifadə edib və simpoziumun işinə uğurlar arzulayıb.

Simpoziumdakı çıxışında Azərbaycan həmkarlar ittifaqlarının tarixi, bu günü və qarşısında duran vəzifələr haqqında məlumat verən S.Mehbalıyev bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası – Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyidir. Hal-hazırda onun ətrafında 1 milyondan çox insanı əhatə edən 27 üzv təşkilat və 6 tabe təşkilat birləşibdir.

S.Mehbalıyev qeyd edib ki, AHİK fəaliyyət göstərdiyi 23 il ərzində dünyanın bir çox həmkarlar ittifaqları mərkəzləri ilə, o cümlədən Türkiyə, Polşa, Bolqarıstan, Belçika, Yaponiya, İrlandiya, İtaliya, Braziliya, Macarıstan, Norveç, İsrail, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Artıq on beş ildən çoxdur ki, AHİK dünya həmkarlar ittifaqlarının ən böyük ictimai qurumu olan, 1949-cu ildə yaranmış, hazırda mənzil - qərargahı Brussel şəhərində yerləşən və özündə 153 ölkədən 167,5 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Tədbir çərçivəsində Simpoziumda iştirak edən nümayəndə heyətləri üzvlərinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qəbul ediləcəkləri də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti