...

ƏƏSMN və Dünya Bankının missiyası əhalinin sosial müdafiəsi məsələsini müzakirə edib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2016 16:31 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının missiyası ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, missiyaya Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri Navid Naqvi, Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri Marina Petroviç, aparıcı iqtisadçı Arvo Kudo və səhiyyə üzrə baş mütəxəssis Elvira Anadolu daxildir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikamızda əmək resurslarından səmərəli istifadəyə şərait yaradılmasının, əhalinin məşğulluğunun təmin olunmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir dövlət başçısının ölkənin sürətli sosial-iqtisadi inkişafına yönələn siyasətinin uğurlarından biri kimi, 2003-2015-ci illərdə respublikada 1,5 milyon iş yerinin açıldığını, işsizliyin 5 faizə endiyini diqqətə çatdırıb. O bildirib ki, dünya iqtisadiyyatı üçün ağır dövr olan 2016-cı ildə də Azərbaycanda iqtisadi inkişaf davam edib, xüsusən qeyri-neft sektorunda cari ilin 9 ayında 3,6 faiz artım qeydə alınıb: “Hazırda ümumdaxili məhsulda payı 70 faiz təşkil edən bu sektorun davamlı inkişafı bu ilin qeyd olunan dövründə daha 154 min iş yerinin açılmasına imkan verib. Son vaxtlarda dünyada müşahidə olunan mənfi iqtisadi proseslərin milli iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün aparılan islahatlar əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə edilir. Bu sahədə növbəti mühüm sosial müdafiə tədbiri kimi, cari ilin yanvar ayında ölkədə ümumilikdə 3,6 milyon nəfərə, yaxud respublika əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin olunub”.

Nazir həmçinin əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial məsuliyyət prinsipi çərçivəsində görülən işlərdən, məşğulluğun artırılması yönündə həyata keçirilən kompleks stimullaşdırıcı tədbirlərdən bəhs edib: “Dövlət başçısının tapşırığı əsasında bu gün Azərbaycanda passiv sosial müdafiə tədbirlərindən aktiv sosial müdafiə tədbirlərinə keçidi təmin edən özünüməşğulluq proqramı icra edilir. Dünyada bu sahədə müəyyən layihələr çərçivəsində təcrübələr mövcüd olsa da, ilk dəfə ölkəmizdə dövlət səviyyəsində belə bir proqram həyata keçirilir. 1500 nəfəri əhatə edəcək bu proqramın növbəti illərdə daha da genişləndirilməsi nəzərdə tutulur”

S.Müslümov Azərbaycanda əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulması yönündə son illərdə aparılan islahatlar, habelə əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə məlumat verib. Nazirliyin müvafiq idarəetmə və xidmət sahələrinin tam elektron əsaslar üzərində formalaşdırıldığını vurğulayan S.Müslümov həmçinin avtomatlaşdırılmış sosial yardım sisteminin qurulduğunu, bu sahədə heç bir məmur müdaxiləsi mümkün olmayan, şəffaf mexanizmin fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu bildirən nazir cari ilin əvvəlindən ölkə əhalisinin sayının 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatdığını, bu ilin yanvar-avqust ayları ərzində miqrasiya saldosunun müsbət 1417 nəfər təşkil etdiyini bildirib: “Ölkəmizdə yeni “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)”nın layihəsi hazırlanarkən də respublikada davam edən müsbət demoqrafik meyllər, habelə milli inkişaf prespektivləri nəzərə alınıb. Layihədə demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi, milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun məşğulluq siyasətinin təkmilləşdirillməsi, infrastruktur layihələrində məşğulluq amilinin diqqətdə saxlanılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması, sosial tərəfdaşlığın inkişafı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və s. prioritetlər əhatə olunub”.

Ötən dövrdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan nazir birgə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsinin əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm dəstək olduğunu diqqətə çatdırıb. S.Müslümov “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)” çərçivəsində gələcəkdə görüləcək işlərdə də bu əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

N.Naqvi ölkəmizdə aparılan islahatların Dünya Bankı tərəfindən daim maraqla izlənildiyini qeyd edib. O, Azərbaycanda uzunmüddətli Məşğulluq Strategiyasının hazırlanmasının əhalinin məşğulluğu sahəsində ölkədə fəal dövlət siyasətinin aparılmasının növbəti təzahürü olduğunu vurğulayıb. N.Naqvi yeni Strategiyanın icrası işlərində də əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə Dünya Bankı tərəfindən hazırlanmış hesabatın nəticələri, Azərbaycanda 2016-2030-cu illəri əhatə edən Milli Məşğulluq Strategiyasının layihəsi və layihədə nəzərdə tutulan istiqamətlər üzrə gələcək dəstək mexanizmlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti