...

Millət vəkilləri Yalama Aqroparkının fəaliyyəti ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2016 21:13 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı və sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə aqroparklar yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, aqrar sektorun inkişafında, iqtisadiyyatda aqrar sahənin və sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və zonaları, aqroparklar mühüm əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov və Komitənin üzvləri Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı aqroparkın ofisində təqdimat keçirilib, burada görülən işlər barədə millət vəkillərinə məlumat verilib.

Bildirilib ki, ümumi ərazisi 523 hektar olan Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Yem zavodunun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və məhsulun keyfiyyətli saxlanması üçün qurutma avadanlığı quraşdırılıb. Aqroparkda istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunub. Artıq təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1100 baş cins heyvan gətirilib. Təsərrüfatda yüksək keyfiyyətli süd istehsal olunur. Aqroparkda aqroservis mərkəzi də yaradılıb. Bunun üçün “Aqrolizinq” ASC vasitəsilə İtaliya şirkətlərinin və Gəncə Avtomobil Zavodunun istehsalı olan 15 adda 24 ədəd müasir texnika və aqreqatlar (traktor, yem paylayan, qoşqu, kotan və s.) alınıb. Layihənin 1-ci mərhələsinin investisiya dəyəri 20 milyon manatdır.

İkinci mərhələdə isə Yalama aqroparkında müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Bundan başqa, ikinci mərhələdə aqroparkda 60 hektar ərazidə intensiv bağçılıq və rayonun Muxtadır qəsəbəsində 957 ha sahədə iri taxılçılıq təsərrüfatları yaradılacaq.

Məlumat verilib ki, Yalama Aqroparkının yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri – 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Əkin sahəsində rentabelliyin təmin olunması məqsədilə arpa biçini aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Arpa biçini aparılmış sahənin 155 hektarına ikinci əkin olaraq silosluq qarğıdalı əkilib. Yaxın günlərdə isə 170 ha sahədə payızlıq arpa əkininə və 155 hektar silosluq qarğıdalı biçininə başlanacaq.

Bu günlərdə aqroparkda 100 hektar sahədə qarğıdalı biçini başa çatdırılıb və respublikada rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156,4 sentner olmaqla, ümumilikdə 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb. Təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 km uzunluğunda beton suvarma kanalı çəkilib, tutumu 50 min m3 olan su hovuzu və 4 ədəd subartezian quyusu tikilib, əraziyə 5 km məsafədən qaz və iki dövriyyəli yüksək gərginlikli elektrik xətti çəkilib.

Hazırda aqroparkda 150 nəfər çalışır. Layihələrin növbəti mərhələsinin icrası nəticəsində yaradılacaq yeni iş yerlərinin sayı 300-ü ötəcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 350 manat təşkil edir. İşçilər üçün 40 çarpayılıq yataqxana və yeməkxana fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti