Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikamızın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Bu barədə Trend-ə KİVDF-dən məlumat verilib.
Nümayəndə heyətinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən Azərbaycanın aparıcı KİV rəhbərləri daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
Səfər proqramı dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyublar.
Daha sonra nümayəndə heyətinin Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin rəhbəri Mehmet Akarca ilə görüşü keçirilib.
Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) baş tutub. TİKA-nın rəhbəri Sərdar Çam görüşdə rəhbərlik etdiyi qurumun dünyada reallaşdırdığı layihələr barədə məlumat verib. KİVDF-nin icraçı direktoru V.Səfərli Fondun TİKA ilə əməkdaşlığı və perspektivlər barədə fikirlərini bölüşüb.
Səfər dekabrın 16-dək davam edəcək.