...

Bakı Media Mərkəzi IV İslam Həmrəyliyi Oyunlarında əsas TV yayım xidmətlərini təmin edəcək

Cəmiyyət Materials 1 Fevral 2017 12:53 (UTC +04:00)
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Baki 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.
Bakı Media Mərkəzi IV İslam Həmrəyliyi Oyunlarında əsas TV yayım xidmətlərini təmin edəcək

Bakı. Trend:

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Baki 2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaq.

Müqaviləyə əsasən, Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirir. Poqrama əsasən, oyunların yayımından öncə İslam dünyasının, eyni zamanda Azərbaycanın, Bakı şəhərinin gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 (beş) dəqiqə olmaqla 3 (üç) video çarx təqdim olunacaq.

İdman yarışlarına gəldikdə isə, müqaviləyə əsasən futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi həmçinin, Açılış və Bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı Media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik “Xəbər” proqramını təqdim edəcək. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq.

Bakı Media Mərkəzinə gəldikdə isə, bu qurum Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audio-vizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət - Video və Yayım prodakşn əməliyyatı üzrə mütəxəssisləşir. Bakı Media Mərkəzi Azərbaycanda keçirilən bir sıra beynəlxalq səviyyəli yarışların yayımını həyata keçirib ki, onların sırasına Bakı 2015 Avropa Oyunları, velosiped idmanı üzrə Tour of Azerbaijan və Bədii Gimnastika üzrə 30-cu Avropa Çempionatı və digər mötəbər idman tədbirləri daxildir. Beynəlxalq İdman Yayımı ilə partnyorluq əsasında Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı baş TV xidmətlərini təmin edəcək.

“Yayım və Media platformalarının imkanlarından tam yararlanaraq geniş media auditoriyası və idman azarkeşlərinə İslam mədəniyyətini və dəyərlərini çatdırmaq, idmanın inkişafını, cəmiyyətdə ona olan marağı nümayiş etdirmək İHİV və Bakı 2017 Əməliyyat Komitəsinin əsas məqsədidir. Bakı Media Mərkəzində mükəmməl yayım platforması mövcuddur ki, məhz onun vasitəsilə biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarınını nümayiş etdirmək imkanı əldə edirik.”

Bu fikirləri gənclər və idman naziri, AİHOƏK-un Baş İcraçı Direktoru Azad Rəhimov Bakı Media Mərkəzi ilə imzalanan müqaviləyə münasibət bildirərkən deyib. A.Rəhimov eyni zamanda, 50 ölkədən olan idmançıların qatılacağı bu mötəbər yarışın dünya idman ictimaiyyətinin diqqətini cəlb etməklə bərabər, eyni zamanda beynəlxalq idman təqvimində xüsusi yer tutacağına əminliyini bildirib.

Bakı Media Mərkəzinin Baş İcraçı Direktoru Orman Əliyev deyib: “IV İslam Həmrəyliyi oyunlarının əsas TV yayım şirkəti olaraq əməkdaşlığımızdan fəxr hissi duyuruq. Bakı Media Mərkəzinın məqsədi İslam dünyasının televiziya auditoriyasını əhatə edərək, Oyunların yüksək səviyyədə yayımını təmin etməkdir. Öz növbəsində bu, Bakımızın gözəlliyini, ölkəmizdə idmanın inkişafını və idmana olan marağı, İslam dünyasının mədəniyyətini, tarix və adətlərini nümayiş etdirmək də, bizim üçün önəmli məqamlardandır”.

Qeyd edək ki, İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər. İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu Oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaq. Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti