Bakı. Trend:
BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanıb.
ASAN-dan Trend-ə verilən məlumata görə, araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir.
Qeyd edək ki, “ASAN xidmət” BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır. Bu gün Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri tərəfindən ətraflı öyrənilir və tətbiq edilir.
Hazırda Azərbaycanda paytaxt Bakıda 5, regionlarda isə 6 olmaqla, ümumilikdə 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. İlk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı 2013-cü ildən bu günədək mərkəzlərə 13 milyondan artıq vətəndaş müraciəti qeydə alınıb. “Səyyar ASAN” avtobusları və “ASAN qatar” isə ölkənin ən ucqar regionlarında yaşayan vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.