Bakı. Trend:
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə rəsmi səfərdə olan İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edib, müstəqillik illərində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmin siyasi kursun da uğurla davam etdirildiyini məmnunluqla xatırladıb.
İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin son illər daha da möhkəmləndiyini nəzərə çatdıran R.Usubov rəhbərlik etdiyi qurumun eyni zamanda qonşu Rusiya, Türkiyə, İran, Gürcüstanla yanaşı 40-dan artıq dövlətin anoloji strukturları ilə ikitərəfli və çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdiyini, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.
Sonda general-polkovnik R.Usubov birgə əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı faydalı əlaqələrin ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən M.Purməhəmmədi uzun müddətdən sonra yenidən ölkəmizə səfər etməsindən, burada gedən böyük quruculuq işlərindən, respublikamızın dinamik inkişafından məmnunluğunu bildirib. O, regionda qeyri-stabilliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini deyib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə qəbulda iştirak edib.